Xalq artisti Aygün Kazımova ötən gün şəhər məkanlarından birində səhnəyə çıxıb. Tribunainfo.az xəbər verir ki, gecəni “S.O.S” mahnısı ilə açan Pop kraliça bir-birinin ardınca hitlərini səsləndirib. Gecədə tamaşaçılarla söhbətlər edən Kazımova sevgidən danışıb.
“Hamımızın sevgiyə ehtiyacımız var. Mənim də sizin sevginizə ehtiyacım var. Sizin kimi sevənlərlə milyon, milyard dəfə sizinlə bir dünyaya gəlməyə hazıram. İstəyirsiniz qohum, qonşu olaq. Mən sizin ananız, siz mənim qızım olun. Fərqi yoxdur. Sizinlə bir dünyaya hər zaman gəlməyə varam” deyən, Diva “Ehtiyacım var” mahnısını oxuyub.
Pərəstişkarlarını qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edən müğənni onlara arzularını səsləndirib. Sevənləri səhnəyə axışaraq A.Kazımova ilə rəqs edib, fotolar çəkdiriblər. Gecədə balaca fanatları da ifaçıya gül verərək, onunla fotolar çəkdiriblər.
Gecənin sonunda isə tamaşaçılar Kazımovanı səhnədən düşməyə imkan verməyib. Onlar səhnəyə yaxınlaşaraq, müğənni ilə şəkillər çəkdirib.