İstedadlı şahmatçı AŞF-ni RÜSVAY ETDİ… – “Buna görə karyeramı dayandırdım”

İstedadlı şahmatçı AŞF-ni RÜSVAY ETDİ… – “Buna görə karyeramı dayandırdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmat yığmasının heyəti yenidən açıqlanıb, lakin uzun illər ölkəmizi beynəlxalq arenada təmsil etmiş qrossmeyster Vasif Durarbəylinin adı bu siyahıda da yoxdur. Təcrübəli şahmatçı bu dəfəki qərara etiraz etmədiyini desə də, səbəblər diqqətçəkicidir: Durarbəyli peşəkar şahmat karyerasını dayandırdığını bəyan edib.

Tribunainfo.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən şahmatçı idman yolunun Azərbaycan Şahmat Federasiyasının (AŞF) diskriminativ yanaşması və məqsədli təzyiqləri səbəbindən yarımçıq qaldığını bildirib:

“Bu dəfə komandada olmamağıma etiraz etmirəm, çünki peşəkar şahmatçı kimi fəaliyyətimi dayandırmışam. Bunun birbaşa səbəbi Federasiyanın mənə qarşı göstərdiyi diskriminativ addımlar və təzyiqlərdir”.

Durarbəyli qeyd edib ki, illərlə davam edən münaqişəni ictimailəşdirməməyə, problemi daxildə və qarşılıqlı anlaşma ilə həll etməyə çalışıb. Lakin onun bu cəhdi nəticəsiz qalıb:

“Təəssüf ki, AŞF prezidenti Mahir Məmmədov iradə göstərmədi. Məsələyə nəzarət etməli olan Gənclər və İdman Nazirliyi də susqun mövqe sərgilədi”.

Durarbəyli bildirib ki, nazir Fərid Qayıbova iki dəfə rəsmi məktubla müraciət edib. Birinci müraciət sadəcə Federasiyaya yönləndirilib, ikinci məktubda isə nazirin özündən birbaşa reaksiya tələb olunub:

“İkinci və sonuncu məktubumda isə nazirin özü məsələyə konkret münasibət bildirsin deyə yazdım. Həmin məktubda baş verənləri xülasə etmişəm və aldığım cavabı da əlavə etmişəm”.

Şahmatçının bu açıqlaması bir daha göstərir ki, Azərbaycan idmanında şəffaflıq və obyektiv yanaşma problemi hələ də aktuallığını qoruyur. Gənc nəsil üçün nümunə olan bir şahmatçının sistemin laqeyd və qərəzli yanaşması ucbatından karyerasına son qoyması narahatedici tendensiyanın göstəricisidir.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar İxtiyarqızı