İstanbulun alış-veriş cənnəti: Mahmutpaşa bazarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeviricidən: Türkiyənin usta yazarı Yaşar Kamal “reportaj yaratmaqdır”, deyib. “Reportaj xəbərin çata bilmədiyi yerə çatır.

Necə?

Yaradaraq, ancaq həqiqəti dəyişdirərək deyil. Xəbərin arxasında nələr var, nələr baş verir, nə yaşamlar, nə dramlar, nə sevinclər yaşanır. Bunları bizə xəbər verə bilməz. Reportaj verə bilər”, deyir usta yazar. Türkiyənin İstanbul Aydın Universitetinin jurnalistika fakültəsinin tələbələri də Yaşar Kamalın izindən reportaj ənənəsini davam etdirirlər.

Musavat.com və İstanbul Aydın Universiteti Xəbər Agentliyi arasındakı anlaşma əsasında sizlər də tələbələrin yazdığı reportajı Azərbaycan türkcəsində oxuya bilərsiniz. Reportajların ilkini təqdim edirik.

****

İstanbulda alış-veriş deyiləndə ilk ağla gələn yerlərdən biri də Mahmutpaşa bazarıdır. Təxminən 500 illik bir tarixə sahib olan bazar, istanbullulardan başqa, buraya gələn turistlərin də ən çox ziyarət etdikləri yerlərdən biridir.

İç-içə keçən dükanlar, mallarını satmaq üçün teatral bir performans göstərən dükan sahibləri və yağış… Mahmutpaşa bazarına Eminönü tərəfindən girsəniz sizi ətrafa yayılan kəskin bir qəhvə qoxusu qarşılayacaqdır. Qoxunun ən kəskin hiss edildiyi yerdə isə uzun bir sıra vardır. Dükanın içindəkilər böyük bir səylə işləyir, müştərilər isə ödəniş üçün açılan şüşə bir pəncərədən öz sifarişlərini verirlər. Dükanın içində üç nəfər sözlərini duyğusuzca əzbərləyən aktyorlar kimi qəhvəni saniyələr içində paketə büküb müştəriyə uzadırlar. Biri qəhvəni çəkir, o biri paketə qoyub müştəriyə hazır hala gətirir. Digəri də hazırlanan paketi kassaya aparır. Heç birinin başlarını qaldıracaq halı yoxdur.

Uzaqdan şəkil çəkdiyimi görüb kamerama gülümsəyib poza verirlər. Üçü də çox gəncdir.

SAM_1419.JPG (8.63 MB)

Yanlarına gedirəm. Deyəsən içlərində ən gənc olanı, hardasa 17-18 yaşı olardı, mən sözə başlamadan deyir:

– “Mənə də şəkilləri ata bilərsən?

– Ataram əlbəttə, amma siz heç yorulmursuz?

– Nə edə bilərik. İşimiz budur. Öyrəşmişik.

Əlləri heç dayanmır, mənim üzümə baxanda da paketləməyə davam edirlər: 

“Bu qəhvələri ən çox kim alır?”, deyə soruşuram. İçlərindən ən böyüyü sözə qoşulur. “Ərəblər alır”, deyir. “Bəs o biri turistlər necə?”

“Onlar da alırlar, ancaq ərəblər qədər yox. Türklər də çox alır.”

Qəhvəni tərəzidə çəkən, “məni bir də yaxından çək”, deyir.

“Əllərinizdəkini yerə qoyun, poz verin mənə”, deyirəm onlara.

SAM_1426.JPG (7.79 MB)

Bir anlıq da olsa əllərini azad buraxırlar, ancaq mən şəkil çəkib qurtarmamış sözləşmiş kimi “bir az tez ol”, deyə, mızıldanmağa başlayır üçü də birdən. Güclə onları saxladıb şəkillərini çəkirəm. Şəkilləri onlara atacağıma söz verdikdən sonra oradan ayrılıram.

Gün açıldıqca Mahmutpaşanın da bərəkəti açılırdı. Bir səs gəlir ətrafdan ancaq səsin sahibi ortada görülmür. Mahnımı oxuyur, yoxsa biri ilə dalaşır, anlaya bilmirəm. Səsə doğru sürətli addımlarla yeriyirəm. Qadınlar yığışıb ətrafına: “Gəlin içəridə hər şey var. Mallar qurtarır. Hər şey 10 liraya (təxminən 4 AZN). Qaçırmayın bu fürsəti”.

SAM_1428.JPG (9.01 MB)

Böyük bazarda onun səsi hamının səsini üstələyir. Ətrafdakı dükan sahibləri işi-gücü buraxıb ona baxmağa başlayırlar. Satdığı alt paltarlarını əllərində sallayıb eyni şeyləri təkrardan qışqırır. Adam qışqırdıqca dükana girənlərin sayı artır. Məlum məsələdir ki, mağaza sahibi öz müştərilərini belə qazanır.

Get- gedə bazarda insan səsi çoxalmağa başlayır. Hər kəsin səsi bir birinə qarışır. 15 yaşlarındakı bir çay satan uşaq əlindəki podnosu ilə insanlar arasında özünə yer aça – aça onu gözləyən adama çayını verir. Adam çay satana istehza ilə qarışıq: “Səndən çay istəmədiyim vaxtlarda əlli dəfə çay gətirərsən. Bugün səndən bir çay istədik, iki saatdır ki, gəlmirsən”, deyir.

Belə istehzalara alışıq olduğu görünən gənc, “boş stəkanları alırdım”, cavabı verir. “Bizə gələndə elə boş stəkanları almaq yadına düşür”, borclu qalmır, müştəri.

Bir giley də söhbətə qulaq asan mağaza sahiblərinin birindən gəlir. “Vermə buna pul”. Adam cibindən 10 lira çıxardıb deyir ki, “heç verərəmmi”. Çaysatan oğlan gülür, adam da ona qoşulur. Aydındır ki, çay satan uşağı həmişə belə qarşılayırlar…

Bazara gələn hər kəsin alış – veriş üçün gəldiyini zənn edirsinizsə, yanılırsınız. Yaşlı, üstündə köhnə paltarlar olan bir qoca əlini uzadıb kömək istəyir. İlk əvvəl qocanın yapon olduğunu zənn etsəm də, Özbək əsilli əfqanıstanlı olduğunu öyrənirəm. İki il əvvəl Əfqanıstandan gəlib bura. Türkcəsi də yaxşıdır:

– “Orada iş yox idi. Burda da qocayam deyə heç kəs mənə iş vermir. Məni işə alırlar. Ancaq iki gün sonra qovurlar. Gənc olsaydım, məni qovmazdılar”.

– “Bəs evinə necə pul yollayırsan. Səndən pul gözləmirlər?”

– “Ailəm də buradadır. Orada müharibə var, ona görə onları da yanıma aldım.

Adam əlindəki qəpiklərindən utanıb məndən gizlətməyə çalışır. Mənimlə danışarkən ya yerə baxır, ya da göyə. Utanır, məni də qırmaq istəmirdi. Suallarımı cavablandırırdı.

SAM_1431.JPG (10.86 MB)

Burada ancaq dükanı olanlar yox, həm də olmayanlar da mal satır. 60 yaşlarındakı səyyar bir satıcı “bu “bot”lar (çəkmə) tam sənə görədir”, deyir daha mən salam demədən:

– Axı mən alıcı deyiləm. Belə satış eləmək çətin olmur?

– Nə edək. Məcburuq. Dükan açmağa pulum yoxdur. Həm dükan açsam o vergiləri necə ödəyərəm.

– Vergilər çoxdur?

– Hə, hər ay iki-üç min lira pul ödəyirlər. Mən səyyar olaraq rahatam. Ancaq polislər olanda işlər çətindir. Əllərindən güc bəla qurtulmaq olur.

Diqqətli olmağı tövsiyə edib səyyar satıcıdan uzaqlaşıram.

Mahmutpaşa bazarı həm də şəfaçı dükanları ilə məşhurdur. Bazarın bəzi qisimləri ancaq bu dükanlardan ibarətdir. Bu dükan sahibləri müştəri çəkmək üçün adətən həkim kimi davranırlar, “ölürəm” desəniz “əlimdəki mal sənin dərdinə çarədir”, – deyə cavab verərlər sizə.

SAM_1473.JPG (7.31 MB)

Bir dükanın önündə “Bu su hər dərdə şəfadır. Yalan yoxdur, şəfa qarantiyası verilir”, deyə bir adam yüksək səslə əlindəki çörəkotunu göstərib müştəriləri səsləyir. Adam çörəkotunu maşının içinə atır, oradan çıxan suyu stəkana qoyub satır. Ətrafına yığışan müştərilər onu sorğu suala tuturlar. Ondan bir az aralıda qoca bir qadın kömək istəyir: “İki nəvəm evdə məni gözləyir.

Kömək edin mənə”, deyə, yalvarır.

Dişləri tökülüb yaşlı qadının: “Uşaqların anaları ataları şikəstdir. Onlara mən baxıram.” Çantasından bir foto çıxardır. Biri qız, biri oğlandır şəkildəki uşaqların.

“Mənə kömək et”, deyir, adının Ayişə olduğunu öyrəndiyim qadın.

“Əlimdən nə gələr ki”, deyirəm qadına. Uzaqlaşıram ondan da.

Bax belə, bir gün sizin də yolunuz bu bazardan düşərsə müxtəlif insanlarla tanış ola, onların həyatından bir parça izləyə bilərsiniz.

Nəsrullah Hasdemir (İAHA)
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Aytən Abbaslı

SAM_1434.JPG (7.75 MB)