Türkiyədə məhkəmənin bir neçə gün öncə sabiq deputat Gürsel Tekini Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Təşkilatına müvəqqəti sədr təyin etməsi və siyasətçinin “Bazar ertəsi təşkilatın sədrliyində olacağam” sözləri ciddi müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda olan CHP sədri Özgür Özel də həmin qərara sərt münasibət bildirərək “Mənim nümayəndəm Özgür Çelikdir və o öz vəzifəsinin başındadır” deyib, bununla da qərarı qəbul etmədiklərini açıqlayıb.
Daha sonra CHP-nin 81 vilayət üzrə bütün sədrləri İstanbul Təşkilatı binasına gələrək, mətbuata birgə bəyanatla Özgür Çelikə dəstək olduqlarını bildiriblər.
Özgür Özel
Binanı tərk etməyən Özgür Çeliyə dəstək ziyarətləri davam etdiyi bir vaxtda, Gürsel Tekin ötən gün saat 12:00-da binaya gələcəyini açıqlayıb.
Tekin sosial mediada paylaşdığı videoda Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti heyəti “Aslan dostlarım” kimi təqdim edib. Lakin videonun paylaşılmasından dərhal sonra H. Babacan və M. Gürbüz heyətdən ayrıldıqlarını bildiriblər.
Özgür Çelik
G. Tekin isə mətbuata açıqlamasında “Tək qalsam da, bazar ertəsi saat 12-də binaya gəlib o kresloda oturacaq və vəzifəyə başlayacağam” deyib.
Bu hadisələrdən sonra diqqət İstanbul Təşkilat binasına yönəlib. Belə ki, dünən axşam saatlarında bina çevik polis dəstələri tərəfindən mühasirəyə alınıb, CHP millət vəkilləri də daxil olmaqla heç kimin binaya girməsinə icazə verilməyib. Bundan əlavə, İstanbul Valiliyi Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında 3 gün müddətinə toplantı, mitinq, mətbuat açıqlaması, yürüş, anım mərasimləri kimi tədbirləri qadağan edib.
Gürsel Tekin
Daxili işlər naziri Ali Yerlikaya isə sosial mediada paylaşdığı açıqlamada Özgür Özelin CHP üzvlərini İstanbul Təşkilatı binasına çağırmasını tənqid edib: “Məhkəmə qərarlarını saymamaq, xalqı küçəyə çıxarmağa çalışmaq açıq şəkildə qanuna meydan oxumaqdır. Heç kim qanunların fövqündə deyil. Dövlət qanunsuz hər cəhdə qarşı qətiyyətlə lazımi addımları atacaq. Küçə çağırışları ilə ictimai asayişin, millətimizin hüzurunun pozulmasına, küçələrin təxribatına əsla icazə verməyəcəyik”.
Qeyd edək ki, İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin sentyabrın 2-si aldığı qərarla CHP-nin 38-ci İstanbul Təşkilat Qurultayı ləğv edilib. Qərarla birlikdə Təşkilatın sədri Özgür Çelik, İdarə Heyətinin əsas və ehtiyat üzvləri, eləcə də 196 nəfərdən ibarət Yuxarı Qurultay nümayəndələri vəzifələrindən müvəqqəti olaraq uzaqlaşdırılıblar. Məhkəmə keçmiş millət vəkili Gürsel Tekin, eləcə də Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti idarə heyəti təyin edib.