İstanbula – keçmişin və gələcəyin qapısına səyahət(FOTOLAR)

İstanbula – keçmişin və gələcəyin qapısına səyahət(FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün demək olar eyni işləri görmək, eyni ardıcıllıqda günləri bir-birinin ardınca ötürmək adamı sözün həqiqi mənasında yorur. Həyatın öz standartları var, amma bunlar bizim hər gün bir bəhanə ilə başımızı qatıb gündüzü axşam etmək deyil.

Arada gündəlik yaşamın tərzinə də rəng qatmaq gərəkdir. Çoxları kimi mən də də belədir və belə idi, amma bir zəng bu gərəksiz düzəni dəyişdi, baş redaktorumuz zəng edib: “Hazırlaş, sabah İstanbula gedirsən”, – dedi.

Açığı, gözlənilməz oldu, amma o anda aramızdakı rəsmiyyəti pozub sevincimi və hisslərimi ifadə edə bilmədim. İstanbulun adını eşidən kimi bir anlıq özümü tarixin 100-lərlə önəmli hadisəsinə şahidlik etmiş bir şəhərdə hiss etdim.

Bu, sözlə ifadə olunmaz və mükəmməl duyğu idi. Səbəbi, yəqin ki, hər kəsə aydındır, çünki İstanbul dünyada daim diqqət mərkəzində olan ən turistik şəhərlərdən biridir. Bundan başqa, İstanbul dünya düzəninin dəyişməsinə səbəb olan bir hadisəyə şahidlik etmiş tarixi şəhər, həm də tarixin elə özüdür…

Bir anlıq gözümün önünə Fateh Sultan Mehmet gəldi. Tarixi beynimdə çək-çevir etdim, orta əsrlərə qədər gedib çıxdım. Axı 1453-cü ildə İstanbulun fəthi dünya tarixinə türklərin vurduğu əbədi bir möhür idi.

Əslində, məhz İstanbulun fəthinə görə türk deyiləndə ağıla ilk gələn güc, qüdrət kimi anlayışlar olur.

Belə bir möhtəşəm şəhərə səyahət etmək təbii ki, mənim üçün çox sevindirici idi. Daha öncə Türkiyədə olmamışdım və ilk təəssüratlarım çox önəmli idi.

Bu arada, səyahətimizin adının “Ramazan gezisi”  olması heç də təsadüfi deyildi, səfərin ikinci günü müqəddəs Ramazan ayının ilk gününə təsadüf edirdi…

Və budur, o an gəlib yetişdi, təyyarə ilə İstanbula yola düşdük. Hələ eniş etməzdən öncə havada ikən səbrim çatmamışdı və artıq təyyarənin o kiçik pəncərəsindən şəhəri müşahidə etməyə başlamışdım.

Hava limanına endikdən sonra bizi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Turizm Təbliğat və İnkişaf Agentliyinin (TGA) əməkdaşları qarşıladılar.

TGA-nın təşkil etdiyi “Ramazan gezisi” adlı tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan media nümayəndələri iştirak edirdilər.

Otelə yerləşmək üçün getdiyimiz yol boyu ətrafı müşahidə edir, binaların, tikililərin kombinasiyaları məni keçmişlə indiki zamanın arasında get-gələ sürükləyirdi. Bəli , İstanbul keçmiş və indiki zamanın birləşməsindən ibarət ecazkar bir şəhərdir.

Yeri gəlmişkən, həm də Avropanın ən böyük şəhəri və qapısıdır.

İlk gün İstanbulun Pera bölgəsində yerləşən Orta Köy-ə səyahət etdik. Bosfor boğazının sahillərində yerləşən bu tarixi məkanın görünüşü insanı sanki nağıllar aləminə aparırdı.

Dizaynı ilə gözlər oxşayan Orta Köy məsçidindən yüksələn azan səsi ətrafa islam mədəniyyətinin təmizliyini və paklığını yayırdı.

Orta əsrlərə xas olan binaların möhtəşəm dizaynı və onların ətrafında gəzişən insanların müasirliyinin ahəngi insana zövq verirdi. Bosfor boğazının sahillərində yerli mətbəxin ləziz təamlarından daddıqdan sonra tarixi “Taksim” meydanına səyahət etdik.

Meydanın mərkəzində yerləşən “Cümhuriyyət” abidəsi və ondan azca aralıda yerləşən “Taksim” məscidi Osmanlı dönəminin füsunkar izlərini öz üzərlərində daşıyır.

Taksimdə yerləşən “İstiklal Caddesi”  isə İstanbulun ən məşhur turistik küçəsidir. Küçənin sağ və sol tərəflərində restoranlar, mağazalar, otellər, kafelər yerləşir.

Küçənin tam mərkəzindən keçən o məşhur türk tramvayı ətrafa xüsusi gözəllik saçır. Daha çox filmlərdə gördüyümüz həmin tramvay turistlərin, demək olar, hamısının diqqət mərkəzində idi.

“Taksim” məscidini ziyarət etdikdən sonra “Galata Kulesi”ni görmək üçün səbrsizlənirdim artıq. Çünki hər gördüyümüz memarlıq üslubunda inşa edilmiş tarixi abidələr mənə fərqli zövqlər yaşadırdı.

1348-ci ildə inşası tamamlanan qüllə müşahidə tikilisi olaraq nəzərdə tutulsa da, zaman-zaman tamamilə fərqli məqsədlər üçün istifadə edilib. İstanbulun simvolik abidələrindən biri olan “Galata Kulesi”nin yanında yerli restoranların birində ləziz yeməklərdən ibarət şam yeməyi yedik.

Yeməklər arasında “Alinazik” kababı xüsusilə diqqətimi çəkdi. Nə vaxtsa buraya səfəriniz olsa, mütləq dadına baxın, fərqli və mükəmməl dadı var. Beləliklə, ilk günün proqramı yekunlaşmış oldu və otelə yollandıq. İlk günün təəssüratları möhtəşəm idi, çünki düşündüyümün daha ötəsində bir ab-hava məni qarşılamış və öz sehrinə salmışdı.

İkinci gün tur rəhbərimiz bizi şəhərin fərqli və son illərdə yenidən dizayn edilmiş turistik məkanlarından biri olan İstanbul Miniatürk parkına apardı.

2003-cü ildə fəaliyyətə başlayan parkda adından bəlli olduğu kimi miniatür sənət nümunələri öz əksini tapır. Parkın  ərazisində Türkiyədə yerləşən 139-dan çox ən simvolik və tarixi binanın, memarlıq abidələrinin 25 dəfə kiçildilmiş əslindən, demək olar, seçilməyən miniatür formada modelləri sərgilənməkdədir.

Park boyu gəzdiyin zaman sanki bütün Türkiyəni gəzmiş olursan, çünki burada təkcə İstanbula xas olan tikililər yox,eyni zamanda ölkənin digər şəhərlərində yerləşən simvolik məkanlar da nümayiş olunur.

Parkın ərazisində yerləşən İstanbul Tarixi Yarımada Model Sərgisi isə tək kəlimə ilə möhtəşəmliyin təsviri idi. Osmanlı imperiyasının tarixi binalarının əks olunduğu 3D miniatür tikililər sanki insana keçmişi canlı formada izləməyə şərait yaradır.

10 mindən çox fiqur və 50 mindən çox led işıqlandırma sistemi vasitəsilə qurulmuş bu mükəmməl sərgidə hər şey əslində olandan 87 dəfə kiçildilmiş formada təsvir edilmişdir. Sərgidə hər şey o qədər realistik formada hazırlanmışdır ki, dayanıb baxdığın zaman sanki keçmişi canlı şəkildə izləyirsən.

Miniatürk parkının füsunkarlığının təsiri hələ keçməmişkən Ayasofya məsçidinin yanında yerləşən yüksək xidmət səviyyəsi göstərilən yerli restoranların birində nahar etdik. Ən maraqlı məqamlardan biri o oldu ki, bizə o ləziz yeməkləri hazırlayan aşpaz hətta ölkə başçılarına belə zaman-zaman bu dadlı təamlardan hazırlamışdı. Sizə doğrusunu deyim, mən yeməklərə çox da bağlı biri olmasam da, buranın təamları insanı heyrətləndirir…

İndi də illərlə arzusunda olduğum  Ayasofya…

Buradakı mənzərəni və ehtişamı sözlərlə ifadə etmək çətindir. Tarix burada zamanın hər tərəfinə qapı açır, buranı Şərqin və Qərbin qovuşduğu bir məkan da saymaq olar, Şərqdən Qərbə boylanmaq üçün böyük bir pəncərə – səmavi tənəvvüs qapısı da…

Tikintisi 537-ci ildə başa çatmış bu tarix saçan tikili öncə kilsə kimi, 1453-cü ildən – Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra məscid kimi fəaliyyət göstərib. 1500 illik bu ecazkar tikilinin ilk sakinlərini insan xəyal edərkən qəribə hisslər yaşayır.

Təsəvvür edirsiniz,1500 il öncə burada insanlar ibadət edirdilər. İndi də elədir. Bu, mükəmməlliyin tarixi əksidir. Ətraf saysız-hesabsız turistlərlə dolu idi. Hər kəs Ayasofyanın ecazkar təsirinə düşmüşdü, sanki hamı bu tarixi anı əbədiləşdirməklə özü də tarixə düşmək istəyirdi, elə mən də…

Burada diqqətçəkən sənət əsərlərindən biri də Sultan Ahmet məscididir.  Məscid buranın şah əsərlərindəndir və buranı ziyarət edən hər kəsi öz ecazi və möhtəşəmliyi elə ilahi bir duyğuya kökləyir. O qədər insanın içində insan özünə, tanhalığa qapılır, Tanrı ilə baş-başa qalır – tək-tənha…

1616-cı ildə inşaası tamamlanan bu sənət əsərinin memarı Sədəfkar Mehmet Ağadır…

Bura sadəcə, bir dini ibadətgah deyil, həm də insanın Allahla dərdləşdiyi, danışdığı, hisslərini bölüşdüyü yerdir…

***

Sonra biz daha bir mənzərəli məkana üz tuturuq: Pierre Loti təpəsinə. Bu təpə öz adını illərdir ki, unudulmayan məhəbbətin gücündən alır.

Fransız yazar və fransız dəniz donanmasının zabiti olan Pierre Loti 1876-cı ildə Türkiyəyə səfər edir və burada məhz bu ərazidə yaşayır. Yerli türk xanımlarından biri ilə güclü eşq yaşayan Pierre Lotinin sevgisi o qədər dərin və qüvvətli olur ki , üzərindən 140 il keçməsinə baxmayaraq hələ də bu təpənin adı Pierre Loti təpəsi adlandırılır. Təpədə dayandığın zaman şəhərin bir qismini çox yüksəklərdən izləmiş olursan, mənzərə çox valehedicidi. Orada yerləşən yerli restoranda əyləşərək təbiəti izləmək isə adama ruhi qida verir…

***

Artıq hava qaralmağa başlamışdı. Səhərdən fərqli-fərqli tarixi və eyni zamanda, müasir sənət əsərlərinin auralarına qərq olan bizlər şam yeməyinə yollanırıq.

Ayasofyanın bir addımlığında yerləşən yerli restoranların birində bizə təqdim olunan o təamlar səfərimizin o anına qədər daddığım ən mükəmməl yeməklər idi. Mənimsə zövqümü ən çox şiriniyyatlar oxşadı, özəlliklə “Gürlaç”, “Cennet çamuru” və “Bülbül yuvası” adlı təamlar…

Səfərin ikinci günü idi, amma mən özümü heç də başqa bir ölkədə yox, elə öz vətənimdə hiss edirdim. Tarixi qan bağları, İslamın vəhdəti, dil və din eyniliyimiz məni azca da olsa, qəribsəməyə qoymurdu…

Məni özünə çəkən əsas məqamlardan biri də yerli əhalinin münasibəti idi, onlar azərbaycanlı olduğumuzu biləndə daha istiqanlı və mehriban münasibət sərgiləyirdilər, sanki öz evində hiss edirdin özünü.

Türkiyə həm də ona görə möhtəşəm idi ki, Ramazan ayının gəlişi özünü ümumi abi-havada aşkar şəkildə hiss etdirirdi. Ünsiyyətdə olduğumuz hər kəs bizə “Hayırlı Ramazanlar” deyirdi. Məncə, türk dövlətləri içərisində müqəddəs Ramazan ayına ən çox diqqət və önəm verən ölkə məhz Türkiyədir.

***

Səyahətimizin üçüncü günü… İndi biz daha gözəl bir məkana üz tuturuq. Tarixin bir çox savaşlarına şahidlik etmiş Bursa şəhərinə.  Yol boyu dağlar bizi sağdan və soldan əhatələmiş, təbiət bizimlə birgə yolçuluqda idi, ona görə də 3 saatlıq yolu hiss etmədik.

Burada tarixi əhəmiyyət kəsb edən “Kapalı Çarşı” , “Ulu Cami” , “Koza Han” kimi Osmanlı dönəmindən qalmış, hər zərrəsində əsrlərin izlərini daşıyan memarlıq və sənət abidələri, tikililəri, bazarları yerləşir.

Ulu məscidinin içərisinə daxil olduğum anda ecazkar mənzərə ilə qarşılaşdım. Məscid içəridən hündür günbəzlərin altına mükəmməl formada dizayn edilmiş və bir-birini tamamlayan əl işləri bəzədilmişdi.

Türkiyədəki məsçidlərin digər tikililərə nisbətən daha kahkəşanlı və diqqət cəlb edəcək formada dizayn edilməsi və çox böyük ölçülərə malik olması türk xalqının İslam dininə tarix boyu necə bağlı və sadiq olduğunu aşkar formada göstərmiş olur.

“Kapalı Çarşı”da bütün növ məhsulların satıldığı mağazalarla yanaşı, özündə tarixi Osmanlı  izlərini daşıyan simvolik suvenirlərin və geyimlərin satıldığı mağazalar da kifayət qədər çoxdur və məhz həmin mağazalar buraya gələn turistlərin diqqət mərkəzindədir.

“Koza Han” adı verilmiş və  içərisində daha çox ipək parçalardan hazırlanmış,əl işləri olan  şarfların,şalların və digər simvolik türk geyim nümunələrinin satıldığı mağazalardan ibarət bir növ qədimi ticarət mərkəzi olan məkana daxil olduq.

Orada gəzdiyimiz zaman mağazaların birinə daxil olub əl işləri ilə tanış olarkən oranın sahibi olan xanım bizə belə dedi:

“Bura turistik cəhətdən o dərəcədə önəmli bir yerdir ki, hətta mərhum ingilis kraliçası İkinci Yelizaveta da məhz burada səfərdə olmuş, müxtəlif növ şarflar almışdı”.

4 tərəfdən çoxsaylı otaqlarla əhatələnmiş “Koza Hanın mərkəz hissəsində insanların istirahəti üçün nəzərdə tutulmuş kafelər mövcuddur. Ona görə də orada əyləşən zaman insan başını qaldırıb ətrafa baxdığı anda füsunkar mənzərə ilə qarşılaşır.

Səfərin 4-cü günü artıq zaman gəlib yetişmişdi, doğma diyar – Azərbaycana qayıtmaq vaxtı idi. Amma bu 3 gün ərzində sanki əsrlər öncəyə qayıtmış və ta ki o dövrlərdən müasir günümüzə qədər olan zaman dilimini canlı-canlı yaşamış kimi hiss edirdim. Dünyanın dörd bir yanından turistlərin axışıb gəldiyi bu şəhər 3 günlük səfərlə ruhumu elə oxşadı ki, düşündüm:
– Əlvida yox, hələlik, İstanbul. Görüşənədək…

Bakı- İstanbul- Bakı.

Xüsusi olaraq “Tribunainfo.az” üçün

Samir Məmmədli