Son günlər ortaq türk dili və ümumtürk ədəbiyyatı ilə bağlı müzakirələr genişlənməkdədir.
Ortaq türk ədəbiyyatı və dilinin yaradılması üçün yetərincə zəmin varmı? Bu, türk birliyinin inkişafı, türk mədəniyyəti və ədəbiyyatının tərəqqisi baxımından nə dərəcədə arzuediləndir?
Moderator.az-a açıqlama verən görkəmli şair Rüstəm Behrudi bunun arzuedilən və zəruri olduğunu vurğuladı:
“Təbii ki, belə bir arzunun reallaşması təqdirəlayiq olar. Axı niyə də olmasın? Əgər biz uzun illərdən sonra türk birliyindən danışırıqsa, ümumtürk incəsənətindən söhbət açırıqsa, ümumtürk ədəbiyyatı nümunələri niyə olmasın? Neçə ildir ki, ortaq türk dili ilə bağlı söhbətlər gedir. Hesab edirəm ki, bu, türk birliyinin yaranması yolunda ən böyük addım olacaq. Ortaq türk dilindən danışırıqsa, ortaq ədəbiyyatdan da söz salmalıyıq.
Türkdili xalqların ədəbiyyatında elə əsərlər var ki, onlar ümumtürk ədəbiyyatının nümunəsinə çevrilə bilər. Onları digər türk xalqlarının dilinə tərcümə eləmək olar. Bu da olar ümummilli türk ədəbiyyatının nümunələri.
Çingiz Aytmatov, Oljas Süleymanov və s. kimi simalar var ki, bunlar bütün türk ölkələrində tanınır. Əslində hər bir türk ölkəsində yaranan böyük ədəbiyyatı bütün türk dünyasının ədəbiyyat nümunəsi hesab etmək olar.
Ortaq türk dilinin yaradılmasına ehtiyac var. Bu, İstanbul ləhcəsi də, Azərbaycan türkcəsi də ola bilər. Çünki İstanbul ləhcəsi və ya Azərbaycan türkcəsində danışanda digər türk respublikalarının insanları da bunu başa düşür. Qazax, qırğız və s. dillərdə danışanda isə bunu digər türk xalqları başa düşmür. İstanbul ləhcəsi və ya Azərbaycan türkcəsindən birinin türkcənin ortaq dilinə çevrilməsi ümumtürk ədəbiyyatının yaranmasına böyük töhfə verər”.