İsrailin Kənd Təsərrüfatı naziri Avi Dixter 37 gündür intensiv bombardman altında olan Qəzza zolağında yaşayan fələstinlilərin şimaldan cənuba sürgün edilməsini 1948-ci ildə İsrailin qurulması üçün fələstinlilərin vətənlərindən qovulduğu Nəkbə ilə müqayisə edib.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, aparıcı İsrailin “Kanal 12” televiziyasında yayımlanan proqrama qatılan Dixterdən Qəzzanın şimalından cənubuna hücuma məruz qalan fələstinlilərin Misir sərhədinə doğru sürgün edilməsinin “müvəqqəti bir vəziyyət” olub-olmadığını soruşub.
İsrail ordusunun əməliyyat bölgəsində əhalinin sayını azaltmaq istədiyini ifadə edən Dixter, “Bunun necə nəticələnəcəyini bilmirəm” deyib. Aparıcı “Bu, Nəkbədir, yoxsa müvəqqəti haldır?” Sualını təkrarlayanda nazir “Qəzza Nəkbəsi ilə üz-üzəyik” deyib.
Qeyd edək ki, 14 may 1948-ci ildə tarixi Fələstin torpaqlarında İsrailin qurulması ilə məcburi köçə və qırğınlara məruz qalan fələstinlilər həmin günü “böyük fəlakət” mənasını verən “Nəkbə” adlandırırlar.