backend

İsrailli ekspert Ermənistanı tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə üçün XX əsrin sonu-XXI əsrin əvvəllərində minlərlə insanın kütləvi qırğını və qətli bütün mənəvi, əxlaqi və siyasi kolliziyaların əsas mənbəyinə çevrilib, bütün başqa problemləri ağuşuna alıb.  

“Nə üçün XX əsrin sonu-XXI əsrin əvvəllərində minlərlə insanın kütləvi qırğını və qətli bütün mənəvi, əxlaqi və siyasi kolliziyaların əsas mənbəyinə çevrilib, bütün başqa problemləri ağuşuna alıb. 



Holokost yəhudi xalqının yaddaşı üçün dəhşətli və dözülməz sözdür. Bu söz vəhşiləşmiş və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının alçaldılması, kütləvi surətdə məhv edilməsi, onun olmazın əzablara, vəhşiliklərə, həqarətlərə qatlaşması deməkdir. Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək, milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüququna müdaxilə etmirik. Amma görəndə ki, dəhşətli Xolokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlara çevrilir, buna susmamalıyıq.”


Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Rusiya, ABŞ və Avropa siyasətçilərinin, ictimai xadimlərinin və ekspertlərinin iştirakı ilə antisemitizmə qarşı mübarizəyə dair “Gələcəyi qoruyaq” Birinci Moskva Beynəlxalq Konfransı çərçivəsində “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasında çıxışında bəyan edib.

Arye Qut deyib: “Deyin görək, Kiyev, Xarkov, yaxud Ternopolda antisemit və quldur Stepan Banderanın abidələrinə, lap bu yaxınlarda Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə abidə qoyulmasına necə reaksiya verməliyik? Bir ölkə bəşəriyyət əleyhinə cinayətdə müqəssir bilinmiş faşist cinayətkarı öz qəhrəmanı adlandıra bilərmi? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsinə həqarətdir. Bu, şəxsən mənim ürəyimə, babasının bütün ailəsi Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insanın ürəyinə çəkilən çalın-çarpaz dağdır. Məhz bu səbəbdən mənim üçün həm də şəxsi faciədir”.

İsrailli ekspert vurğulayıb ki, Ermənistanda yəhudilər artıq uzun illərdir mənəvi zorakılığa məruz qalırlar. Bu da özünü antisemit ruhlu kitabların nəşrində, televiziya verilişlərinin hazırlanmasında, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində büruzə verir. A.Qut vurğulayır: “Erməni faşisti və antisemit, general Njdeyə abidə qoyulması bir daha təsdiq edir ki, indiki Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə pərəstişə geniş meydan açılıb. Onların şərəfinə xatirə sikkələri kəsilir, bədii və sənədli filmlər çəkilir.

Əgər dünya ictimaiyyəti Ermənistanda faşizmin təbliğ olunmasına bundan sonra da sussa, sabah Ermənistan rəhbərliyi Hitlerə də eynən bu cür abidə ucaldacaq. Belə bir məsələni də vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən yaradılmır, bu hərəkətlərin ardında dövlət, daha dəqiq desək, indiki Ermənistan Respublikasının rəhbərliyi dayanır”.

A.Qutun sözlərinə görə, vəziyyət o yerə çatıb ki, Ermənistanda Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) Akademiyası yaradılandan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Araşdırmalar İnstitutu bu yeni strukturla əməkdaşlıq etmək arzusunu bildirib. A.Qut deyib: “Zənnimcə, Ermənistan Müdafiə Nazirliyi nəzdində Milli Strateji Araşdırmalar İnstitutuna 30 mindən çox yəhudi məhv etmiş bir faşistin və antisemitin adı verilirsə, daha bundan o yanı yoxdur. Tarix İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibindəki 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Onun təşkilatçılarından biri faşist NJde olub. Burada oturanların çoxu arxiv sənədləri ilə təsdiq edilmiş tarixi faktları yəqin ki, bilmirlər. Minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak etmiş general Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna digər “yararsızları” yaxalamaq və məhv etmək olub. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu “sayəsində” yəhudilərdən təmizlənib. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşistinin və antisemitin milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərikmi?

Bu gün Ermənistanda Dro və Njde kimi faşistlərin və antisemitlərin təriflərinin hansı məqsədlə göylərə qaldırılmasını erməni ekspertlərindən soruşanda, onlar bildirirlər ki, məqsəd erməni xalqının hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir. Doğrudanmı ermənilərin faşistlərdən başqa qəhrəmanları qalmayıb, məgər Qızıl Ordu sıralarında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ermənilər olmayıb? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər. Bu, müasir Ermənistan üçün biabırçılıq və rüsvayçılıqdır. Hesab edirəm ki, Rusiya Yəhudi Konqresi və Holokost məsələləri ilə məşğul olan dünya, o cümlədən Rusiya yəhudi təşkilatları dövlət səviyyəsində həyata keçirilən bu rüsvayçı hərəkətlərə sərt reaksiya verməlidirlər”.

Arye Qutun faşistlərin və antisemitlərin şəxsiyyətinin ucaldılması faktları və Ermənistanda müasir antisemitizm metodları barədə çıxışı “Gələcəyi qoruyaq” Birinci Moskva Beynəlxalq Konfransı çərçivəsində keçirilən “Hakimiyyət, cəmiyyət və antisemitizm” mövzusunda panel iclasının iştirakçılarını şoka salıb.

“Holokost” İctimai Fondunun prezidenti Alla Gerber Arye Qutun çıxışına reaksiya verərək bildirib ki, faşistlərin və onların əlaltılarının şəxsiyyətinin ucaldılmasının hər hansı formasını başçılıq etdiyi Fond adından pisləyir. O deyib: “Faşistlərə və onların əlaltılarına, Bandera və general Njde kimi cinayətkarlara abidələrin qoyulması, bu cinayətkarların, faşistlərin və antisemitlərin təriflərinin göylərə qaldırması və onların milli qəhrəman dərəcəsinə çatdırılması bizlər, “Holokost” Fondunun nümayəndələri üçün yolverilməz haldır. Biz ölkələrin və onların rəhbərliyinin belə hərəkətlərini sərt şəkildə və qətiyyətlə pisləyirik”.