“Yaxın Şərqin yenidən “qan çanağı”na çevrilməsi bölgədə uzunmüddətli və böyük müharibəyə səbəb ola bilər. HƏMAS-ın hücumlarında “İslami cihad” adlı İrana yaxın silahlı birləşmə də iştirak edir. Bu səbəbdən münaqişə daha geniş areala yayıla bilər. Yəni İran, Suriya, Livan prosesə cəlb edilərsə, beynəxalq koalisiya İsraili dəstəkləyəcək, bu zaman qanlı toqquşmaların miqyasını və fəlakəti təsəvvür etmək belə mümkün deyil. Azərbaycan, İsrail və Türkiyə regionda yeni bir üçbucaq yaradır, belə vaxtda destabilizasiya bizə lazım deyil. Azərbaycan müharibədən yeni çıxıb, qonşu İranın da tərəf olduğu bu savaşda iştirakı reallaşsa, bölgə üçün yeni fəsadlar yaradacaq”. Tribunainfo.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova belə hesab edir. Onun fikrincə, İsrail HƏMAS-ı dayandıra bilməsə, proses uzanacaq və İran gizli şəkildə dəstəyi artıracaq. Onun sözlərinə görə, müharibə böyüyə bilər və İsrail, eləcə də koalisiya İranın hərbi obyektlərini hədəf ala bilərlər.