İsrailin bir sıra texnoloji şirkəti Azərbaycana köçə bilər.
İsrail şirkətlərinə Bakıya köçmək təklif edilib. Bu barədə İsrailin “Globes” nəşri məlumat yayıb.
Azərbaycan hakimiyyəti İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə 10 il müddətinə korporativ, əmlak, torpaq və dividend vergilərindən tam azad etməyi təklif edib.
Məlumata görə, bir sıra İsrail şirkəti artıq Azərbaycana köçmək istiqamətində danışıqlara başlayıb.
Belə bir layihənin ölkəmiz üçün nə kimi faydaları və zərərləri ola bilər?
Bu barədə Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanın dünyanın bir çox ölkəsi ilə çox gözəl əlaqələri var. Bu əlaqələr Azərbaycanın milli maraqlarına və dövlət maraqlarına uyğundur. Bu əlaqələr iqtisadi əlaqələrdir və təbiidir.
Ekspertin sözlərinə görə, hər bir ölkə istəyir ki, iqtisadiyyatı güclü olsun, siyasi-mədəni əlaqələr, hərbi əməkdaşlıq, güclü ordu qursun. İsrail ilə də Azərbaycanın çox gözəl əlaqələri var. İsrail hər zaman Azərbaycana dəstək verib. İkinci Qarabağ müharibəsində də mənəvi dəstək olub.
“İsrail ilə həm də iqtisadi-ticari əlaqələrimiz var. Heç kəsə sirr deyil ki, İsrailin çox modern hərbi silahları Azərbaycan ordusunda istifadə olunur. Gələcəkdə bu əməkdaşlıq daha da dərinləşəcək.
O ki qaldı İsrailin bir sıra texnoloji şirkətinin Azərbaycana köçməsinə, bu tip məsələlər Azərbaycan tərəfindən hər tərəfli araşdırılır, təhlil edilir. Azərbaycanın milli maraqlarına və dövlət maraqlarına uyğun gəlirsə bu addımlar atılır. Bu cür müasir texnoloji şirkətlər hesab edirəm ki, gələcəkdə Azərbaycanın iqtisadiyyatının güclənməsinə böyük töhfə verə bilər. Yüksək texnologiya sahəsində olan şirkətlərin Azərbaycanda fəaliyyəti ölkəmizin iqtisadi maraqlarına uyğundur. Azərbaycan dövləti də bu cür imkanları dəyərləndirir və ölkəmizin siyasi-iqtisadi, hərbi və diplomatik cəhətdən qüdrətli olması üçün lazım olan bütün addımlar atılır. Son 30 ildə ardıcıl məqsədgörmüş siyasət onu göstərir ki, bu siyasət Azərbaycanın milli maraqlarına uyğun siyasətdir”.