Xəbər verildiyi kimi, İsrail İrana cavab verib.
Musavat.com-un xəbərinə görə, Amerika mediası İranda obyektə raket hücumu, eləcə də İsfahan hava limanı yaxınlığında partlayışlar barədə yazıb.
İran mediası İsfahan hava limanı və 8-ci Ordu Hərbi Hava Qüvvələri bazası yaxınlığında partlayış baş verdiyini və kiçik pilotsuz təyyarələr uçarkən (3 partlayış olub) bu şəhərin üzərində hava hücumundan müdafiə sisteminin işlədiyini, IRNA dövlət agentliyi isə hava hücumundan müdafiənin bir neçə yerdə işlədiyini yazıb.
İran hakimiyyəti bir neçə pilotsuz təyyarə vurduqlarını bildirib və İsrailin ölkəyə raket hücumu ilə bağlı xəbərləri rədd edib.
İran Kosmik Agentliyinin sözçüsü Hossein Dalirian “X” hesabında yazıb: “Bir neçə pilotsuz təyyarə ölkənin hava hücumundan müdafiəsi tərəfindən uğurla vuruldu, lakin raket hücumu barədə hələlik məlumat yoxdur”.
Tasnim agentliyi yazıb ki, İranın İsfahandakı nüvə obyektləri tamamilə təhlükəsizdir. Bir qədər sonra CNN bildirib ki, İrandakı nüvə obyektləri İsrailin zərbələrinin hədəfi deyil.
Məlumata əsasən, Tehran, İsfahan və Şiraz üzərində uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb, İranın paytaxtında yerləşən İmam Xomeyni Beynəlxalq Hava Limanı isə Moskva vaxtı ilə saat 11.00-dək sərnişinlərə xidmət göstərə bilməyəcək.
“Bloomberg”in xəbərinə görə, İsrail cümə günü ABŞ-ı İrana qarşı 24-48 saat ərzində cavab tədbirləri görmək niyyəti barədə məlumat verib.
Pentaqon hazırda mövzu ilə bağlı xəbər verəcək heç bir şeyinin olmadığını bildirib və CNN ABŞ-ın İsrailin İrana cavab zərbəsini dəstəkləmədiyini qeyd edib.
Qeyd edək ki, İrana hücum xəbərləri ərəfəsində İsrailin şimalında hava hücumu sirenası işə salınıb.