İsrail hökumət komissiyası, Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Ceykob Nagelin başçılığı ilə hazırladığı hesabatda, Türkiyə ilə mümkün müharibə riskinə diqqət çəkib.
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan politoloq Elşən Manafov Türkiyə və İsrailin müharibə edib etməyəcəyi barədə açıqlama verib.
Politoloqun sözlərinə görə, Türkiyə prezidenti Ərdoğanın Livan, İraq və Suriyadan sonra Turkiyənin özünün də İsrailin hədəfinə gələcəyi ilə bağlı açıqlamaları var və bu açıqlamalar fonunda tərəflər arasında münasibətlərin kəskinləşəcəyini ehtimal etmək mümkündür.
“Türkiyənin İsrailin Qəzzadakı hadisələrə münasibətdə sərgilədiyi mövqe, onun Netenyahu hökumətinin Qəzzadakı hərbi əməliyyatları durdurmaq üçün beynəlxalq birlik və o cümlədən BMT-yə olan müraciətləri, nəhayət Ərdoğanın Netenyahunu cinayətkar adlandırması və onun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Netenyahuya münasibətdə qəbul olunan qərarı dəstəkləməsi əlbəttə rəsmi Tel-Əvivi məmnun etmir.
Bundan əlavə İsrail, ABŞ-ın Bayden hökuməti ilə birgə kürd layihəsinə dəstək verən və bu mənada PKK-nın Türkiyəyə yönəli hərəkətlərini dolayısı yolla da olsa müdafiə edən dövlətlərdəndir. İsrailin Türkiyə torpaqlarına olan iddialarının arxasında isə Anadolunun zəngin su ehtiyatlarına yiyələnmək istəyi durur. Bununla belə, Türkiyənin Yaxın Şərq hadisələrində aparıcı rolu, onun hərbi gücü, beynəlxalq nüfuzu, regiona təsir imkanları İsrail tərəfindən nəzərə alınmaya bilməz. Türkiyənin Suriyada Əsəd rejiminin devrilməsində oynadığı rol ABŞ prezidenti Trampın belə, özü tərəfindən etiraf olunur. Əsəd rejiminin devrilməsi isə İranın buradakı mövqelərinin zəifləməsinə səbəb olmaqla dolayısı yolla İsrailin təhlükəsizlik maraqlarının lehinə olmuşdur. Hazırda Dəməşqdə vəziyyətə nəzarəti həyata keçirən qüvvənin rəsmi Ankara ilə baglılığı bəllidir. Suriyanın yeni, keçid hökuməti isə İsraillə münasibətlərə kifayət qədər təmkinli yanaşır, İsraili narahat edə biləcək addımlar atmır, halbuki müsəlman ölkəsi sayılan Livanla hərbi əməliyyatlara başlayıb, bu isə Hizbullahın zəifləməsində olan İsrailin xeyrinədir.
Hazırda tərəflər ABŞ-ın yeni administrasiyasının regionda, xüsusilə Suriya ətraflnda yaşanan hadisələrə münasibətini diqqətlə izləyəcəklər. Tramp İsrailpərəst mövqeyi ilə tanınan siyasətçidir və Ərdoğana olan simpatiyasına baxmayaraq rəsmi Ankara İsraillə münasibətlərdə Vaşinqtonu narazı salacaq addımlar atmaqdan çəkinəcək, regionda PKK-ya qarşı antiterror əməliyyatlarının keçirilməsi isə Türkiyədən Rusiya və İranla münasibətlərdə Suriyaya görə yaranmış çatın aradan qaldırılmasını zəruri edəcək Beləliklə, tərəflər hərbi əməliyyatlara getmədən təhlükəsizlik maraqlarından irəli gələcək addımları atmalıdırlar”.
Dəniz Pənahova