İSRAİL VƏ ABŞ “QÜDS SAVAŞI”NI DAVAM ETDİRƏCƏK-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımadı. Türkiyənin bu məsələdə mövqeyi İsrail və ABŞ üzərində siyasi qələbə ilə nəticələndi. Amma bir çox siyasətçilər İsrailin geri çəkilməyəcəyini, qətnamənin effektiv olmayacağını bildirir.
TİA.AZ bu barədə politoloqlarımızın fikirləri ilə maraqlandı. Politoloq Nəzakət Məmmədova bildirdi ki,BMT-də dəfələrlə bu cür qərarlar qəbul edilib, amma heç bir nəticəsi olmayıb: “BMT deyərkən biz burada iki əsas orqan tərəfindən qəbul edilən sənədlər – Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən sənədlərin icrası mexanizmlərindəki fərqləri nəzərə almalıyıq. Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər məcburi icra olunmalıdır.

Bunun üçün BMT qətnaməni icra etməyən istənilən dövlətə qarşı sanksiya, embaqro rejimi tətbiq edə bilər. Baş Assambleyada qəbul edilən sənədlər isə BMT Nizamnaməsinə əsasən tövsiyə xarakteri daşıyır və icrası məcburi sayılmır. Bu baxımdan Qüds məsələsinə dair ərəb ölkələrinin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının qəbul etdiyi sənəd sadəcə ABŞ-ı bu addımdan çəkinməyə çağırır, onun qəbul etdiyi qərarın dünya birliyi tərəfindən qəbul edilmədiyini vurğulayır.”

-Nəzakət xanım, BMT-də Qarabağla bağlı da qətnamələr qəbul edilib və bu qərar icra edilməyib.

– Elə məsələ də burasındadır ki, niyə icra edilmir? Çünki Təhlükəsizlik Sırasındakı 5 daimi üzvdən 3-u Minsk Qrupunun üzvüdür. ABŞ, Rusiya, Fransa həm Minsk Qrupunda, həm Təhlükəsizlik Şurasında daimi uzvdur. Ermənistana qarşı öz qəbul etdikləri qərarları icra etmirlər. Söhbət də bundan gedir. Deməli, özləri nəyi lazım bilirsə, nə maraqlarına uyğundursa, onu da icra edirlər. Artıq 24 ildir Ermənistan göründüyü kimi bu qətnaməyə önəm vermir Lakin Baş Assambleyanın dünən qəbul etdiyi qərar nə ABŞ, nə İsrail üzərində heç bir hüququ öhdəlik, məcburetmə yaratmır. Qeyd etdiyimiz kimi, bu məcburetməni yalnız Təhlükəsizlik Şurası hüquqi baxımdan icra səlahiyyətinə malikdir.

Lakin ABŞ-ın veto qoyması ucbatından Təhlükəsizlik Şurasında bu qətnamə layihəsi keçmədi. Ümumiyyətlə, ABŞ 1990-cı ildən bəri 15 dəfə İsrail-Fələstin münaqişəsinə dair qətnamə layihəsinin müzakirəsi zamanı Təhlükəsizlik Şurasında öz veto hüququndan istifadə edib. BMT-də proses artıq başa çatdı. Bundan sonra hadisələr Yaxın Şərqdə, Ağ Evdə, İstanbulda, Təl-Əvivdə və digər güc mərkəzlərində daha şiddətlə davam edəcəkdir. Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru Məhəmməd Əsədullazadə isə məsələ ilə bağlı TİA.AZ-a belə bir açıqlama verdi: “Təbii ki, BMT-nin qərarı beynəlxalq hüquq olsada, təzyiq rıçaqlarına malik deyil.

Buna baxmayaraq dünya birliyi Qüdsi İsrailin paytaxtı kimi tanımır və tanımayacaq. ABŞ -İsrail tandemi Qüds məsələsində BMT-də uğursuzluğa düçar olsa da, heç də qərarlarından vaz keçməyəcəklər. ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa da, dünya birliyi İsrailin paytaxtı kimi tanımayınca legitimlik qazanmayacaq.

Çünki BMT-də səs vermə ilə Təl-Əviv İsrailin paytaxtı kimi tanınıb. Trampın məlum qərarı, BMT-nin qərarın heçə saymaq, beynəlxalq hüququn əleyhinə getmək və dünyada nizamı pozmaqdır. Tramp BMT tribunasından verilən qərarı tanımırsa, ABŞ kimi hüquqi bir ölkənin xarici siyasətinin fiaskosudur. BMT-nin qərarı həll edici bir sənəddi. Türkiyə başda olmaqla müsəlman dünyası, həmçinin Azərbaycanda bu qətnamənin leyhinə səs verib. Qeyd edim ki, Azərbaycan bu məsələdə müsəlman dünyasının yanında oldu. İsraillə strateji tərəfdaşlığımıza baxmayaraq, ABŞ prezidentinin təhdidedici mesajlarına rəğmən Türkiyəni bu savaşda tək qoymadıq. Qüds məsələsinə Azərbaycan Qarabağ münaqişəsindən irəli gələrək, BMT-nin qətnamələrini rəhbər tutdu.”

NÜŞABƏ

TİA.AZ