İranla İsrail arasında gərginlik davam edir. Tribunainfo.az xəbər verir ki, ötən gün İsrailin baş naziri Benyamin Netenyahunun iqamətgahının Hizbullah tərəfindən vurulması isə vəziyyəti daha da pisləşdirib.
Belə ki, Netenyahu açıqlama verərək, bu hücumun İran tərəfindən həyata keçirildiyini bildirib. O deyib ki, bu hücum onu və ailəsini öldürməq məqsədi daşıyıb. Netenyahu İranı hədələyərək, deyib: “İran bunun çox ağır şəkildə bədəlini ödəyəcək. Məni və ailəmi öldürmək istədikləri aydındır”.
İran XİN-i isə bu açıqlamadan dərhal sonra bəyan edib ki, İsrailin iddiaları əsassızdır. Nazirliyin mətbuat katibi Beqei bildirib ki, Netenyahunun evinə onlar yox, Hizbullah hücum təşkil edib. “Bizim bu məsələdən xəbərimiz yoxdur”.
İranın XİN başçısı Abbas Əraqçı isə deyib ki, İsrail İrana qarşı hər hansı hücuma qarşı proporsional cavab alacaq. “İrana qarşı istənilən hücum bizim üçün qırmızı xətti keçmək deməkdir. Belə bir hücumu cavabsız qoymayacağıq. İranın nüvə obyektlərinə hər hansı hücum və ya buna bənzər hər hansı hücuma lazımi cavab veriləcək. Biz sionist rejimin iqtisadi və mülki obyektlərinə hücum etmədik və yalnız hərbi obyektləri hədəfə aldıq. İndi biz orada bütün hədəflərimizi müəyyən etmişik və eyni hücum onların hədəflərinə də ediləcək”.
Bu əsnada məlum olub ki, İsrail İrana hücum üçün hərbi təlimlərə başlayıb. Aviasiya və raket qoşunlarının iştirakı ilə keçirilən təlimlərdə əsas hədəflərin vurulması prosesi reallaşdırılıb.
Tribunainfo.az xəbər verir ki, ABŞ İsraili dəstəkləmək üçün bölgəyə əlavə qüvvələr göndərməklə bağlı qərar verib. Hind okeanındakı əsas dəniz donanmaları Yaxın Şərqə yönləndirilib.