İslamiadanın keçirilməsini bədxahlar hər vəchlə tənqid etməyə çalışırlar.
İslamiadanın keçirilməsini bədxahlar hər vəchlə tənqid etməyə çalışırlar.
Bu yarışlara pul xərclənməsini israfçılıq kimi qələmə verir, belə tədbirlərin heç bir xeyri olmadığını iddia edirlər. Gəlin baxaq, bu cür beynəlxalq tədbirlər ölkəmizə nə qazandırır.
Əvvəlcə iqtisadi səmərədən danışaq.
Məlum olduğu kimi, ölkələr özlərini təbliğ etmək, tanıtmaq üçün külli miqdarda vəsait və enerji sərf edirlər. Təbii ki, bunun sonralar nə qədər böyük dividentlər gətirdiyi haqda dünyada onlarla təcrübə var. Belə tədbirlər ölkənin turzim potensialını tanıdır və turistlərin kütləvi axınını təmin edir ki, nəticədə bu sahədən xeyli qazanc götürülür. Son vaxtlar ərəb turistlərin ölkəmizə marağı artıb, lakin müsəlman xalqların heç 10 faizi belə ölkəmiz haqda məlumata malik deyillər. Bu yarışların 55 ölkədə yayımlanması ölkəmizi bütün İslam dünyasında tanıdacaq və müsəlman ölkələrindən gələcək turistlərin sayını dəfələrlə artıracaq. Turzimdən qonşu ölkələrin (Rusiya, Gürcüstan, Türkiyə, İran) nə qədər böyük qazanc əldə etdiyini xatırlatmağa ehtiyac yoxdur.
İqtisadi səmərə təkcə turizmlə də yekunlaşmır, belə beynəlxalq tədbirlər ölkəyə investorların cəlb edilməsində də böyük rola malikdir ki, bu yaxın gələcəkdə böyük iqtisadi dividentlər vəd edir. Bu sıraya ticarət sektorunda baş verəcək artımı da əlavə etmək olar.
İslamiadanın siyasi dividentləri
Məlum olduğu kimi, Azərbaycan əraziləri işğal altında olan ölkədir və beynəlxalq birliyin dəstəyinə böyük ehtiyacı var. İlk növbədə İslam ölkələrinin fəal dəstəyi olmalıdır ki, məsələni beynəlxalq təzyiq səviyyəsinə qaldıra bilək. Azərbaycan həqiqətlərinin təbliği dedikdə daha çox ölkənin Azərbaycanı dəstəkləməsinə səbəb olur. Etiraf etməliyik ki, İslam ölkələrinin də Azərbaycana dəstəyi kifayət qədər deyil və bunu təmin etməyə ehtyac var.
İslam dünyası 55-dən artıq müsəlman ölkəsinin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatla təmsil olunur ki, bu təşkilatın da qlobal proseslərdə kifayət qədər güclü təzyiq imkanı var. Bundan əlavə İslam ölkələri BMT-də 55-dən artq səsə malikdir ki, bu da bizimlə bağlı veriləcək qərarlarda səs çoxluğu qazanmamıza kömək edəcək.
İslamiadanın keçirilməsindən istifadə edərək ölkəmizi tanıtmaq işi təkcə İslam ölkələri ilə yekunlaşmır. Bu yarışlar bütün dünyanın maraq dairəsindədir və Azərbaycanın təbliği bütün dünyada gedir. Dünya birliyinə ölkəmizin necə müasir, xalqımızın necə sivil dəyərlərə sahib olduğunu göstətrmək üçün ən yaxşı imkanlardan biri də budur.
İnformasiya və psixoloji müharibədə İslamiadanın rolu
Hazırda onlarla ölkənin mətbuat və televiziyalarının nümayəndələri Azərbaycandadır və yarışları izləməklə yanaşı öz auditoriyalarına ölkəmiz haqda geniş məlumat da verirlər. Həm də onların heç də hamısı müsəlman ölkələrinin təmsilçiləri deyillər. Dünyaya göstərilən nümunəvi Azərbaycan bizə qarşı qlobal miqyasda aparılan erməni təbliğatına böyük zərbə vurur. Dünya birliyinə sivil, demokratik, sülhsevər ölkənin nə olduğu aydın göstərir. Yüzlərlə jurnalistin ölkəmizlə yaxından tanışlığı, burada yaratdıqları əlaqələr sonralar onların fəaliyyətində respublikamıza yanaşmalarında öz rolunu oynayacaq.
Burada yarışlarda iştirak edən minlərlə idmançını və on minlərlə turisti də əlavə etsək Azərbaycan həqiqətlərinin necə böyük bir auditoriyaya təbliğ edildiyini görərik. Bu isə qlobal informasiya müharibəsində, psixoloji müharibədə əlavə üstünlük deməkdir.
Göründüyü kimi, beynəlxalq yarışlar, o cümlədən İslamiadanın respublikamızda keçirilməsi Azərbaycan üçün çox vacibdir. Bunun bütün sahələrdə qazancını görəcəyik. Bizə isə Azərbaycan idmançılarına bu yarışlarda uğrular arzulamaq qalır.
Elçin Bayramlı