“İSLAM ALİMLƏRİNİN YETİŞMƏSİ ÜÇÜN MÜHİT YOXDUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün Türkiyənin TV8 kanalında dəyərli və modern düşüncə adamı və İslamın gözəlliklərini, Peyğəmbər əxlaqını yüksək səviyyədə anladan professor Mehmet Okuyanın Əmrə Dormanlar söhbətini böyük həvəslə dinlədim və faydalı qeydlər götürdüm. Bir məqam xüsusilə diqqqətimi çəkdi, düşündüm ki, ibrətamiz olar deyə paylaşmaq lazımdır” 

“Ötən gün Türkiyənin TV8 kanalında dəyərli və modern düşüncə adamı və İslamın gözəlliklərini, Peyğəmbər əxlaqını yüksək səviyyədə anladan professor Mehmet Okuyanın Əmrə Dormanlar söhbətini böyük həvəslə dinlədim və faydalı qeydlər götürdüm. Bir məqam xüsusilə diqqqətimi çəkdi, düşündüm ki, ibrətamiz olar deyə paylaşmaq lazımdır”

TİA.AZ xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa öz facebook səhifəsində yazıb:

“ Mehmet Okuyan deyir ki, ona tez-tez irad bildirirlər ki, min ildən artıqdır ki, ərəb dilini mükəmməl bilən, elm və irfan əhli olan çox bilgə İslam alimlərinin görmədiyi yanlışları necə olur da siz görə bilirsiniz?  Bu cür iradları sosial şəbəkədə bəzi dinçilər də tez-tez xatırladırlar. Professor söylədi ki, sözsüz ki, həmin dövrərdə də yobazlığa, təhrifə, Quranı rəvayətlərlə əvəz etməyə qarşı dirəniş göstərənlər olmuşdur. Ancaq bu bizim günahımız deyil ki, min il öncə doğulmamışıq, bu əsrdə yaşadığıma görə yanlışlara məhz indi diqqət yönəltməyimiz təbii qarşılanmalıdır. Cavabı üzərində mən də düşündüm. Təsbitim budur ki, İslam tarixinin başlanğıcından bəri mütləq bu gerilikliyə etiraz edən, dəlillərlə yanlışları ortaya qoyan insanlar olmuşlar, lakin o dövrün yobazları İslam adına onları edam etmişlər, həbsxanalarda susdurmuşlar, fərqli və yeni fikrin qarşısını almışlar və nəticədə də hər dövrün İŞİD-çı zehniyyətinin, Səfəviçi-Xomeyniçi dünyagörüşünün yaşamasına və insanlıq üzərində İslam adına terror törədilməsinə imkan tanımışlar”.

F.Mustafa qeyd edir ki, indiki dövr ona görə əvvəlkilərdən fərqlənir ki, dünyəvi, laiq dövlət modeli alimi az-çox qaragüruhdan, şəriət adına birilərinin qatillik səlahiyyətini icra etməsindən qoruya bilir:

“ Xüsusilə də Türkiyədə bu cür mütərəqqi bilim adamlarının olması həqiqətən bir şansdır, eyni cəsarəti isə İranda və ya Ərəb ölkələrində göstərmək mümkün deyil. Əslində diqqətlə baxsanız, İslam tarixinin gerçəkdə din qatilləri ilə din bilginlərinin amansız savaşı tarixi olduğunu görərsiniz. Peyğəmbərin adını və obrazını bütləşdirənlərlə onun əməlini, əxlaqını səmimi şəkildə yaşadanların savaş tarixi olduğunu görərsiniz. Təəssüf ki, Azərbaycanda qaragüruha qarşı sinə gərən, mövhumatdan, xürafatdan insanları cəsarətlə uzaqlaşdıran bilgə İslam alimlərinin yetişməsi üçün mühit yoxdur, efir məkanı yoxdur, bu səbəbdən də biri rahatlıqla seyidlik vəsiqəsi paylayır, hacılıq, hacıxanımlıq, məşədilik, məşədixanımlıq institusonal sistemə çevrilir, başı bilik qazanmaq üçün çalışdırmaq yerinə, müqəddəs saydıqları daşlara sürtüb qaşımaq və ya zəncirlə sığallamaq, ələmlə yelpikləmək adəti davam edir. İldən-ilə biz cəmiyyət olaraq, aydınlanma fürsətini itiririk, imkanları boşuna xərcləyirik, alt qatlarda yayılmağa başlayan bu virusu görməzdən gəlirik. Əslində bu gün saxta ailmlərin daşıdığı vəsiqələr də həmin seyidlik, hacılıq, məşədilik vəsiqələrindən mahiyyətcə fərqlilik daşımır. Təhsilimiz, elmimiz, dinimiz o zaman sağlam zəminə oturacaq ki, düşüncə adamlarına, bilgə insanlara danışmaq və yaşamaq imkanı tanınacaq. Ümid edək, ancaq həm də bu yanlış gedişə imkanımız yetən səviyyədə sözümüzlə, yazımızla, davranışımızla müdaxilə etməkdən usanmayaq!”.


İlahə