İşıqforun qırmızı işığına niyə məhəl qoymuruq? – Polis, kamera yoxdur, heç kim görməz…

İşıqforun qırmızı işığına niyə məhəl qoymuruq? – Polis, kamera yoxdur, heç kim görməz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez müşahidə olunan qayda pozuntularından biri də sürücülərin işıqforun qırmızı siqnalına məhəl qoymamasıdır. Bu cür məsuliyyətsiz davranışlar təkcə yol hərəkəti təhlükəsizliyini deyil, həm də digər sürücü və piyadaların həyatını risk altına atır.

Tribunainfo.az xatırladır ki, hələlik sonuncu sayılan belə hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, bu qəzanın qarşısını almaq üçün sadəcə işıqforun qırmızı işığında dayanmaq kifayət idi:

“Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.

Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.

Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir”.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, sürücülərin işıqforun qadağanedici siqnalında yolu keçməsinin 3 əsas səbəbi var.

Onun sözlərinə görə, birinci səbəb bəzi sürücülərin işıqforun qadağanedici siqnalına bilə-bilə məhəl qoymamasıdır:

“Məsələn, qırmızı işıq yanmasına baxmayaraq hərəkəti davam etdirirlər. Halbuki, çox vaxt sürücü sakit şəkildə dayana bilər, heç bir maneə yoxdur. Amma buna baxmayaraq, o, qaydanı qəsdən pozur. Təəssüf ki, bəzi sürücülər bu davranışı özlərini başqalarından fərqli göstərmək, sanki qaydalar onlara aid deyilmiş kimi düşünmək üçün edirlər”.

Ekspert qeyd edib ki, bəziləri isə bunu polis və ya kamera olmayan yerlərdə “heç kim görməz” deyə bilərək törədirlər:

“Bu, çox təhlükəli və məsuliyyətsiz yanaşmadır”.

İkinci səbəbin diqqətsizlik və mürəkkəb yol şəraiti olduğunu deyən müsahibimiz əlavə edib ki, bu səbəb təcrübədə ən çox rast gəlinəndir.

Ərşad Hüseynov: Bəzən işıqfor yaşıllıqların, ağacların arxasında qalır, bu da sürücünün onu görməsini çətinləşdirir

Ə.Hüseynov vurğulayıb ki, yolda sıxlıq, mürəkkəb hərəkət şəraiti, güzgülərdə vəziyyəti izləmək, digər avtomobillərlə məsafəni qorumaq sürücünün diqqətini yayındırır. Belə hallarda sürücü yalnız qarşısındakı avtomobilə baxır və onun hərəkətinə uyğunlaşır:

“Gözünü daim güzgülərdə, yan hərəkətlərdə saxlayan sürücü svetoforun işığını sadəcə görmür və nəticədə qadağanedici siqnalda yolu keçmiş olur. Bu hal xüsusilə sıxlıq vaxtlarında, amma bəzən sadə yol şəraitində də baş verir”.

Ekspertin dediyinə görə, üçüncü səbəb işıqforların görünməz və ya düzgün yerləşdirilməməsidir.

Həmsöhbətimiz izah edib ki, bəzi hallarda işıqfor yaşıllıqların, ağacların və ya iri nəqliyyat vasitələrinin arxasında qalır. Bu zaman sürücünün onu görməsi çətinləşir.

Nəqliyyat ekperti bildirib ki, məsələn, Bakıda Akim Abbasov küçəsinin Şəfaət Mehdiyev küçəsinə birləşdiyi yer, Elmlər Akademiyası istiqamətinə gedən yolda, keçmiş “Lider TV” ofisinin və Hərbi İnstitutun yaxınlığında işıqfor ağacların arasında, pis görünən yerdə yerləşir. Nəticədə sürücü stop xəttinə çatmadan svetoforun hansı rəngdə yandığını görə bilmir:

“Bəzi hallarda isə işıqfor yalnız sağ tərəfdə yerləşir, amma iki zolaqlı yolda sağ tərəfdən iri avtobus və ya yük maşını hərəkət etdikdə, minik avtomobilinin sürücüsü siqnalı görə bilmir”.

Ərşad Hüseynov hesab edir ki, bu üç əsas amil yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.