İşığın biri də azaldı… – Ruhun şad olsun sənətkar!backend

İşığın biri də azaldı… – Ruhun şad olsun sənətkar!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.

Sənət dostları, tanınmışlar mərhum sənətkarla bağlı paylaşım ediblər.
Onlardan bəzilərini təqdim edirik:
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı:
“Ağır xəbərdir. Ramiz istedadlı aktyor, gözəl insan və səmimi dost idi. Mən Cavad xan filminin çəkilişində onun böyük yaradıcılıq potensialının şahidi olmuşdum. Xatirəsi həmişə yaşayacaq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun…”.
Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova:
“Aktyorlar öləndə xüsusilə pis oluram. Elə bilirəm yaratdıqları obrazlar hamımızdan çox ağlayırlar. Beləcə bir insanın bədənində onlarla ruh ölür… Ruhu şad olsun”.
Jurnalist, köşə yazarı Etibar Cəbrayıloğlu:
“Əziz dostumuz, gözəl sənətkar Ramiz Novruz ağır xəstəliklə mərdanə mübarizə aparsa da sonda məğlub oldu.
Sonuncu dəfə görüşəndə sənət yoldaşları ilə çayxanada oturmuşdu. Tanınmaz dərəcədə dəyişsə də gözlərindəki ifadə həminki idi. Zarafatlarından incimək və doymaq olmurdu. Bir dəfə dedi ki, qardaş, mənzil problemimlə bağlı yuxarılara məktub yazmışdım, sonra o məktubu oxuyanda başa düşdüm ki, çox təsirli alınıb, o qədər təsirli idi, özüm də oxuyanda ağladım. Səhnədə, kinomuzda yaratdığın obrazlarla, həyatda şux zarafatlarınla yaddaşımızda qalacaqsan, əziz Ramiz Novruz. Məkanın cənnət olsun!”.
Tanınmış rejissor-aktyor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzov:
“Gözəl insan, istedadlı aktyor, dəyərli sənət dostum Ramiz Novruz. Bu acı xəbərə heç inanmağım gəlmir, inanmaq istəmirəm. Sənin xəstə olduğunu da bilmirdim və söyləsəydin də inanmazdım. Hər zaman pəhləvan kimi idin. Səni heç amma heç unutmaq olmayacaq. Allah sənə min rəhmət eyləsin. Səhnəmiz bir az da boşaldı. Sənət ağacımızın yarpaq tökümü davam edir… Nur içində yat, dəyərli sənət dostum”.
Yazıçı-dramaturq Ülviyyə Heydərova:
“Xalq artisti Ramiz Novruzu təkcə sənəti ilə deyil, həm də gülüşü, hay-küyü ilə xatırlayacam. İşığın biri də azaldı… Ruhun şad olsun sənətkar!”.
Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar:
“İncəsənət fərdi və ümumi anlamda ən yaxşı özünüifadə və xidmət platformasıdır. Çünki əgər bacarsaq, özümüzdən sonra bir gözəl iz buraxsaq, insanlara bu və ya digər formada faydamız toxunsa, bax, o zaman əbədi sevgidə yaşaya biləcəyik. Bu gecə haqq dünyasına qovuşan sənətkar Ramiz Novruz kimi hamımız bir gün bu dünyadan, bu körpüdən keçib gedəcəyik. Söhbət də məhz elə burdadır; necə keçməkdə! Sən dar dublyaj otağına girərək orda qəhrəmanı səsləndirib ordan çıxanda isə dovşan kimi qorxaq, kölə kimi ancaq qarnını və nəfsini düşünən olacaqsansa, bu cür deqradasiya olunmuş incəsənətin nə sənə, nə sənətə, nə ölkəyə, nə millətə, nə də bir kəsə heç bir faydası var. Bu, mahiyyətsizlikdir. Yaxud guya ali bəşəri duyğular haqqında film çəkirəm deyib filmin büdcəsini basıb yemək. Bu kimi nümunələr təəssüf ki var. Ona görə bizə ancaq qarnımızı, cibimizi, özümüzü düşündürən nəfsimizdən arınmalıyıq. Bu dünya onsuz da oyun-oyuncaq dünyasıdır. Oyunu isə dadlı və gözəl edə biləcək yeganə şey sevgidir. Ruhun şad olsun, Ramiz müəllim!”.
Bakupost.az