Noyabrın 28-dən təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərində yeni tənzimlənmə aparılıb.
Noyabrın 28-dən təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərində yeni tənzimlənmə aparılıb.
Yeni tənzimləmədə insanları ən çox maraqlandıran işıq və təbii qazın qiymətindəki dəyişiklikdir. Bu dəyişiklikdə təbii qaza görə limit ildə 1500 kubmetr, elektrik enerjisinə görə, ayda 250 kilovat-saat müəyyən edilib. Mexaniki sayğaclarda bunu hesablamaq asan olacaq. Smart-tipli sayğaclara abonent əvvəldən ödəniş etdiyindən bu limitin necə müəyyən olunacağı sual doğurur.
1500 kubu keçəndən sonra…
Belə ki, dəyişikliyə əsasən, 1 il ərzində 1500 kubmetr qaz istehlak edən abonent qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. Başqa sözlə, il ərzində qaza xərciniz 150 manatı keçməyəcək. İllik qaz sərfiyyatı 1500 kubmetrdən çox olan abonent bu göstəricidən artıq istehlak etdiyi hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaq. Smart tipli sayğaca abonent pulunu ödəyəcək, istifadə etdiyiniz qaz 1500 kubmetri keçənə qədər ödədiyiniz pul hər kuba 10 qəpiklə hesablanacaq. Məsələn, doqquzuncu ayda 1500 kubmetri keçsəniz, ondan sonra sərf etdiyiniz hər kubmetrə görə 20 qəpik hesablanacaq. Oxşar vəziyyət elektrik enerjisinə də aiddir. Əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyəcək, yəni hər kilovata görə 7 qəpik ödəyəcəklər. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik ödəniş edəcək.
Ayda işığa 17.5 manatdan çox ödəyənlər
Orta aylıq istehlakı 250 kilovat-saatdan çox olmayan abonentin aldığı elektrik enerjisinin dəyəri 7 qəpiklə hesablanacağı üçün müvafiq xərci hazırda olduğu kimi 17,5 manat (250 kVts x 7 qəpik = 17,5 manat) səviyyəsində qalacaq.
Orta aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saat olan ikinci abonent isə köhnə rejimlə 21 manat (300 kVts x 7 qəpik = 21 manat) ödəniş edəcəyi halda, cari ilin 1 dekabr tarixindən həmin həcmin 250 kilovat-saatı üçün 17,50 manat (250 kVts x 7,0 qəpik = 17,50 manat), 250 kVts-dan artıq 50 kilovat-saata (300-250=50) görə isə 5,50 manat (50 kVts x 11qəpik = 5,5 manat) olmaqla, cəmi 23 manat ödəniş həyata keçirəcək.
“Azərişıq” ASC-dən bildirilib ki, abonentlərin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. “Azəriqaz”dan isə abonentlərin 62%-nin limiti keçməyəcəyi deyilir.
“Azəriqaz”dan bildirilir ki, 2 milyon təbii qaz istehlakçısının 1 milyon 200 mininə dəyişiklik aid edilməyəcək.
Lakin buna baxmayaraq siz işinizi əvvəldən daha etibarlı tutmalısınız. Bu il ərzində təbii qaza və elektrikə görə ödənişlərini toplayın. Artıq ilin sonuncu ayındayıq. Bu vaxta qədər təbii qaza 150 manatdan çox və yalnız ötən ay üçün elektrik enerjisinə 17.5 manatdan çox ödəniş etmisinizsə, düşünməyə dəyər. Demək siz, 62 və 72 faizlərə aid deyilsiniz. Həmin qrupa düşmək üçün isə nələr etməlisiniz?
Sizi tək qoymadıq, kömək üçün biz də hərəkətə keçdik. Ekspertlər və dünya təcrübəsindən yararlanaraq sizə bəzi tövsiyələr hazırladıq.
Kombi seçərkən bunları bilməlisiniz…
Təbii ki, evlərin hamısı mərkəzləşmiş istilik sistemi ilə təmin edilməyib. Xüsusən də, həyət evlərində daha çox kombi sisteminə üstünlük verilir. İqtisadçı ekspert Qubad İbadoğlu xüsusən qış aylarında diqqət etməli olduğunuz məqamlara aydınlıq gətirib.
Ekspert bildirib ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək.
“Bu, xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq. Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox – 20 qəpik ödəyəcəklər”.
Ekspert onu da vurğulayıb ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edir, onda yeni tariflə ödəniş etmə müddəti daha da tezləşəcək: “Bu zaman illik 1500 kub qaz sərfiyyatını 2-3 ayda bitirəcəklər, yerdə qalan dövrlərdə də yuxarı tarifləri ödəyəcəklər. Ona görə də qazın qiymətinin bahalaşması orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq”.
Azərbaycan Texniki Universitetinin Elektrik təchizatı kafedrasının dosenti Nəcəf Orucov elektrik enerjisində aylıq limiti keçməmək üçün itkiləri azaltmağı məsləhət görür: “Elektrik enerjisi və təbii qazdan istifadə edərkən boş itkilərə yol verməməliyik. Əlavə elektrik sobaları, lampaları söndürməliyik. Daha çox yeni texnologiya avadanlıqlarından istifadə edilməlidir. Çünki onlar enerjiyə daha çox qənaət edir. Elektrik lapmasının gücündən asılı olaraq onun sərfiyyatı dəyişir. Bir ədəd 100 vatlıq lampa bir saatda 3.6 MeqaCoul enerji sərf edilir. Yəni siz bir lampanı söndürməklə, bu qədər enerjiyə qənaət etmiş olacaqsınız. Həmçinin Vat-ı daha az olan lampalar seçmək lazımdır. Çilçıraqlarda lapmaların sayını azaltmaq olar.
Kompüterlərə gəldikdə, yeni nəsil texnologiyalar daha az enerji sərf edir. Evdə ən çox istifadə edilən məişət avadanlıqların biri də ütüdür. Gücü daha az olan ütü seçin və bu zaman “PB” kəmiyyətinə diqqət etməlisiniz. “PB” kəmiyyəti ütünün neçə dəqiqədən bir fasilə verdiyini göstərir”.
Ekspertin sözlərinə görə, bütün bunlardan əlavə evin elektrik və ya qazla qızdırılmasına da diqqət edilməlidir. Bu zaman enerjiyə qənaət etmək bir az çətin olur. Evini elektrik peçi ilə isidən ailənin elektrik limitini keçməməsi çətindir.
İndi isə keçək diqqət etməli olduğunuz xüsusi məqamlara.
Ən vacib qənaət otaqda olmayanda işığı söndürməkdir. Bunu xatırlamaq üçün giriş qapısına qeydlər yazın.
Lampalarınızı tez-tez silin. Bəziləri bunu ciddi qəbul etmir. Lakin lampanın ətrafında toplanan toz işığın 200%-ni yeyir.
Evdə kosmetik təmir apararkən də diqqətli olun. İşıqlı divar kağızı seçin. Məsələn, qara rəng işığın 90%-dən çoxunu “udur”.
Otağı yuxarıdan isidin. Qızdırıcının yeri otağın isinməsinə təsir edir. Taxta pəncərəni plastiklə əvəzləyin. Bununla istiliyə 50% qənaət etmiş olacaqsınız. Qaranlıq düşən kimi pəncələrə sıx gecə pərdələri çəkin. Bu evdəki istiliyin çölə çıxmasının qarşısını alacaq.
Televizor, kompüter, musiqi mərkəzlərini yalnız gündə bir neçə saat fəal istismar edin. Pultla söndürmək kifayət deyil, qənaət üçün cihazı şəbəkədən ayırın.
Bu gün evlərin əksəriyyəti kombi ilə qızdırılır. Bəzi ev sahibləri kombi evi isidəndən sonra onu söndürür. Bununla da qənaət etdiyini düşünür. Əslində belə deyil. Bu zaman ev soyuyur və yenidən onun qızdırılmasına daha çox enerji sərf edilir. Sadəcə dərəcəni azaltmaq yetərlidir.
Evdə istilik itkisinin 25%-i qapı və pəncərənin payına düşür. Onların ətrafındakı boşluqları bağlamalısınız.
Radiatorları mebel, pərdə və ya bu kimi əşyalarla bağlamayın. Bu radiatorun istiliyinin 15%-nin itkisinə səbəb olur.
Soyuducunu istilik peçi və istilik cihazlarından uzaqda yerləşdirin
Soyuducuda buzun çox olması enerji sərfiyyatını artırır. Mümkün qədər soyuducunun ətrafında boşluqlar qoyun.
Paltaryuyan maşın əsasən qurutma zamanı daha çox enerji sərf edir. Paltarları asmağınız daha yaxşıdır.
Paltarı qənaət rejimində qoyun.
Boşqabları qabyuyan maşına qoymamışdan əvvəl kağızla silin. Paltaryuyan seçərkən daha az enerji sərf edənini alın.
Paltar ütüləyərkən qənaət üçün qurutma zamanı diqqətli olmalısınız. Paltarın maşında qurutmayın deyə əvvəldən xəbərdarlıq etmişdik. Onu ipdən asarkən də ütüyə çox ehtiyac olmamasına diqqət edin.
Ütüləmə prosesi başa çatmamışdan 5 dəqiqə öncə cihazı şəbəkədən ayırın. Onsuz da ütü yetərincə istilik toplayıb.
Sobada yemək bişirərkən tez-tez qapağını açmayın. Donmuş qidanı sobada isitməkdənsə, otaq temperaturunda saxlayın.
İsitdiyiniz məkanın orta rütubətin 50-55%-i olmasına diqqət edin.
Daha çox led lampalardan istifadə edin. Onlar digərlərinə görə 10-15 dəfə daha uzun ömürlüdür. Adi lampalardan ikisindən birini söndürmək qənaətdirsə, ekonomik lampa seçmək isə daha effektivdir.
Tozsoran maşınların torbasını tez-tez təmizləməklə də enerjiyə qənaət edə bilərsiniz.
Saç feni istifadə etməmişdən əvvəl saçınızı dəsmalla yaxşı qurudun.
Yataq otağında temperatur 16-18, digər otaqlar üçün 19-21 dərəcə olmalıdır. Temperaturu 1 dəfə azaltmaqla 5-7 faiz elektrik enerjisinə qənaət etmiş olacaqsınız.