“İşi kriminal kimi yox, dost kimi həll edə bilərsiniz?” – Şirkət rəhbəri 694 minə görə 10 il cəza aldı

“İşi kriminal kimi yox, dost kimi həll edə bilərsiniz?” – Şirkət rəhbəri 694 minə görə 10 il cəza aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

684 min manatlıq dələduzluqda ittiham olunan “Amal+A” MMC-nin rəhbəri Nadir Quliyev 10 il həbs cəzası alıb. Onun ayrı-ayrı şəxslərdən müxtəlif vədlərlə külli miqdarda pul aldığı müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə istintaqında Nadir Quliyev xüsusi ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib.

 

İttihama görə, Nadir Quliyev bir neçə vətəndaşa və şirkət rəhbərlərinə qarşı dələduzluq etməkdə təqsirləndirilib.

 

Nadir Quliyev zərərçəkmişlərə inşaat sahəsində tikinti işləri görəcəklərini vəd edib və onlardan pul alıb. Bəzi zərərçəkmişlərdən tikinti materialları alıb, onları sataraq pulunu ələ keçirib.

 

Bundan başqa, Nadir Quliyev bəzi dövlət müəssisələrinə məxsus binaların üzlüklərini yeniləməyə kömək edəcəyi adı ilə şirkət rəhbərlərini aldadaraq pullarını mənimsəyib. Zərərçəkmiş Mahir Əhmədova özünü işgüzar şəxs kimi təqdim edib, iş qurmaq adı ilə onun 30 min manatını alıb.

 

Azər İlyasova inşaat işlərinin həyata keçirmək vədi verib və tikinti materialları almaqla dələduzluq edib. Onun ümumilikdə 7 nəfərə qarşı dələduzluq etdiyi bildirilir.

 

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi olaraq külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

 

Nadir Quliyev tanış olduğu şəxslərə məmurlarla əlaqələrinin olduğunu, Qarabağda aparılan quruculuq işlərində böyük layihələr icra etdiyini deyib. Bu səbəbdən də ona mal və material verən şəxslərin etibarını qazanıb. Lakin araşdırma zamanı Nadir Quıliyevin rəhbəri olduğu şirkətin belə layihələr icra etmədiyi müəyyən olunub.

 

İfadə verən Nadir Quliyev bəzi epizodlar üzrə özünü təqsirli bilib. Deyib ki, hazırda ittihamda göstərilən məbləğ qədər alacağı var. Lakin ayrı-ayrı şəxslərdən pulunu ala bilmədiyi üçün zərərçəkmişlərin ziyanını ödəyə bilmir.

 

Məhkəmə istintaqı zamanı Nadir Quliyevin zərərçəkmişlərlə telefon danışıqları, mesajları da sübut kimi qiymətləndirilib. Onun telefonlara cavab vermədiyi, müxtəlif vədlərlə danışdığı şəxsləri aldatdığı müəyyən edilib. Həmçinin bəzi şəxslərlə danışığında Nadir Quliyev məsələnin kriminal aləm səviyyəsində həll edilməsi məsələsi də müzakirə mövzusu olub. Bir nəfərdən 800 min manat alacağının olduğunu deyən Nadir Quliyev zərərçəkmiş şəxslərdən biri olan İsmayıl adlı şəxsə həmin pulu ona “perevod” etməyi təklif edib.

 

Nadir Quliyevin borcunu tələb edən İsmayıl adlı şəxsə yazdığı bu mesaj da diqqət çəkir:

 

“Vaqif müəllim var e, 42 min borcu olan. Onu sizə “perevod” etsəm, həll edə bilərsiniz? Kriminal kimi yox, dost kimi. Ofisdəsiniz? Göndərim gəlsin?”

 

İsmayıl adlı şəxsin cavabı isə belədir:

 

“Pulu vermir? Gəlsin, söhbət edək”.

 

Məhkəmə araşdırması zamanı Nadir Quliyevin əməlləri zərərçəkmişlərin, şahidlərin ifadəsi ilə sübuta yetirilib. Məhkəmə Nadir Quliyevi dələduzluq əməlində təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

 

Qeyd edək ki, Nadir Quliyevin rəhbəri olduğu MMC-nin vergiyə də 39 min manat borcu yaranıb.

 

Musavat.com