İşə qəbul ilə bağlı xüsusi müsabiqə elan edilir

İşə qəbul ilə bağlı xüsusi müsabiqə elan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə səriştə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə mərhələlərlə müəllimlərin attestasiyası keçirilmişdir.

Keçirilmiş attestasiya prosesi 4000 nəfərə yaxın müəllimi əhatə etmiş, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqavilələrinə xitam verilmişdir. Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə etmişdilər.

Onlayn qeydiyyat

Xüsusi müsabiqəyə buraxılmış namizədlərin siyahısı Mədəniyyət Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir. Namizədlər 1 – 17 oktyabr 2025-ci il tarixlərində DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman kabinetin pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in rəsmi internet saytında “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin xüsusi müsabiqəsinin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçmiş namizədlər imtahanda iştirak etmək üçün 21 – 25 oktyabr tarixlərində DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə  “İmtahana buraxılış vərəqi”ni çap edərək götürməli və imtahan binasına gələrkən şəxsiyyəti təsdiq edən sənədlə birlikdə özləri ilə gətirməlidirlər.

Musiqi ixtisasları üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test kitabçaları onların ixtisaslarından asılı olaraq  klassik və milli musiqi üzrə differensiallaşdırılmış şəkildə hazırlanaraq namizədlərə təqdim olunacaq.