Bir çox şirkətlər, müəssisələr bağlandıqda işçinin əmək kitabına öz xoşu ilə işdən ayrıldığını qeyd edirlər. Məcbur ərizəyə qol çəkdirirlər. Bu zaman işsiz qalan işçi iş yerinin bağlanması ilə bağlı sənədi Dost Mərkəzinə təqdim edə bilmədiyi üçün iş tapana qədər dövlətdən yardım ala bilmir.
İş yerləri nə üçün əmək kitabçasına bu cür yazır, gələcəkdə pensiya ilə bağlı problem yarana bilərmi? Bu mövzu ilə bağlı çoxsayılı şikayətlər olduğu üçün hüquqi cəhətdən işçi nə etməlidir?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas, ekspert Əkrəm Həsənov bildirib ki, pensiya ilə bağlı problem yaranmasa da dövlətdən yardımla bağlı problem yaranacaq.
Ekspertin sözlərinə görə, işçi bunu mübahisələndirməlidir. Öz xahişi ilə çıxmırsa bu halda iş yerinin, ümumiyyətlə həmin müəssisəsi bağlandıqda əgər onların pulu varsa ilk növbədə çıxarılan işçiyə kompensasiya verilməlidir.
“İkinci növbədə isə bir növ işçi öz xoşu ilə çıxmadığı üçün dövlətdən də iş tapana qədər yardım almalıdır.
İşçi yəqin ki, ərizəyə qol çəkir və öz xoşu ilə çıxdığı bildirilir ərizədə. Bu halda işçi o ərizəyə qol çəkməsin. Yox, əgər ərizəyə qol çəkmədən belə yazıblarsa bu zaman işçi həmin şirkəti məhkəməyə verməlidir. İşçi əvvəlcə şirkətdən çıxmalıdır sonra iş yeri bağlanır. Yəni müəssisə bağlanandan sonra işçini çıxara bilməz. İş yeri bağlanmamışdan öncə işçi müəssisədən azad edilir. Ona görə də iş yerini məhkəməyə verə bilər.
Ümumiyyətlə əksər hallarda əmək mübahisələrinin əsas səbəbi də budur ki, işçi gedib öz xoşu ilə ərizə yazır və ya yazdırılır sonra da başlayır ki, niyə belə oldu… Qol çəkmə!”
Dəniz Pənahova