İrəvanın şansı sıfıra bərabərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk Qrupu həmsədrlərininn bölgəyə növbəti səfərindən nikbin nəticə gözləmək əbəsdir” 

“ATƏT-in Minsk Qrupu həmsədrlərininn bölgəyə növbəti səfərindən nikbin nəticə gözləmək əbəsdir”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

Politoloq bildirib ki, ön xətdə davam edən gərgin vəziyyət artıq müəyyən mənada danışıqların nə ilə nəticələndiyinə işıq salır:

“Ermənistan vəziyyəti qəsdən gərginləşdirir ki, bölgədə sülh danışıqları üçün münasib şəraitin olmadığını dünyaya təqdim etsin. Bu, Ermənistanın strateji maraqlarına cavab verən bir addımdır. Çünki İrəvan çox gözəl anlayır ki, barışıq-razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Bu isə işğalçı Serj Sərkisyan komandasına qətiyyən maraqlı deyil, həm də təhlükəlidir. Çünki Ermənistan siyasi rəhbərliyi neçə illərdir ölkəni ehtiyac məngənəsində saxlayır. İrəvan öz ümidlərini sırf işğalçı siyasətə bağlamaqla Türkiyə, Azərbaycan, ümumiyyətlə, beynəlxalq birliklə vəziyyəti erməni xalqı üçün çıxılmaz edir. Əgər Sərkisyan və silahdaşları kompromislərə getsələr, onda erməni xalqı onları devirəcək. Təmas xəttində gərginliyin artdığı bir zamanda təxribatlara cavab olaraq Ermənistan güclü zərbələr alır, itki verir. Ona görə də belə şəraitdə İrəvan əlindən gələni edir ki, sülh danışıqları baş tutmasın və proses birdəfəlik iflic olsun”.

T.Abbasov bildirib ki, Azərbaycan siyasi rəhbərliyi bütün reallıqları həmsədrlərə olduğu kimi çatdırmaqla Bakının tələblərini layiqli formada ortaya qoyub:

“Həmsədrlərin borcu ondan ibarətdir ki, Ermənistanı məsuliyyətə dəvət etsinlər. Əgər yaxın müddətdə sülh məramı qalib gəlməsə, apreldəki mini müharibə bu dəfə qlobal miqyasda təkrarlanacaq. Diplomatiyanın vəzifəsi ondan ibarətdir ki, güc vasitələrinin işə düşməsinə imkan verməsin. Ermənistan isə hazırda bütün diplomatik gedişləri bilərəkdən alt-üst edirsə, bu, müharibənin qaçılmaz olacağı anlamına gəlir. Ermənistanın bu müharibədən sağ çıxmaq şansı isə sıfıra bərabərdir”.