“Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq”. “Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq”.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib.
Papyan münaqişənin həlli ilə bağlı Rusiyannın təklif etdiyi “Kazan düsturu”ndan danışıb. Hansı ki, bu “Madrid prinsipləri” əsasında hazırlanıb.
“Kazan sənədinə əsasən, birinci mərhələdə Kəlbəcər və Laçından başqa, biz beş rayonu qaytarırıq. Bundan sonra, qaçqınların qayıdışı olacaq. Məlumata görə, qayıdacaq qaçqınların təxmini sayı 600 minə qədər olacaq”, – deyə o bildirib.
Erməni politoloq iddia edib ki, qaçqınların qayıdışından sonra Qarabağın yekun statusunun həlli üçün referendumun keçirilməsi çətin olacaq: “Çünki qaçqınların qayıdışından sonra toqquşmalar və müharibə qaçılmaz olacaq. Azərbaycan təkcə Qarabağı yox, İrəvanı da qaytarmağı planlaşdırır”.
Erməni politoloqun bu fikirləri təbii ki, hər şeydən öncə münaqişənin həll olunmaması üçün irəli sürülən iddialardır. Papyan bununla demək istəyir ki, “biz rusların təklif etdiyi “Kazan düsturu” ilə razılaşsaq, o zaman, müharibə başlayacaq”.
Müharibəni kim başlayacaq?
Ermənistan birinci gülləni Azərbaycanın atacağını iddia edir və bununla rusların təkid etdiyi “Kazan düsturu”nun (buna “Lavrov planı” da deyilir) baş tutmamasına çalışır. Lakin bu günlərdə Ermənistanın “aravot” qəzeti İrəvanın müharibəyə başlayacağını etiraf etdi.
Qəzet yazır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir: “Bu plan “aprel müharibəsi”ndən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır. Serj Sarkisyanın müharibə mesajları səsləndirməsinin arxasında dayanan səbəb də budur. Güman ki, rəsmi İrəvan “Lavrov planı”na müqavimət göstərmək üçün müharibəyə başlayacaq. Müharibə yeganə çıxış yolu olaraq görünür”.