İrəvan şəhərindəki binaların 45 faizi zəlzələyə davamlılığı normadan aşağıdır. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Xidmətinin direktoru Sos Marqaryan deyib.
O bildirib ki, həmin binaların böyük əksəriyyəti Sovet dövründə inşa edilib.
Bəs, görəsən, Azərbaycanda vəziyyət necədir?
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, köhnə, qədimi binaların zəlzələyə dözümlü olub-olmadığını demək çox çətindir. Onun sözlərinə görə, Bakıdakı binaların bir çoxu zəlzələyə davamlı olmaya bilər: “Tarixən Bakıda güclü, dağıdıcı zəlzələlər olub. Bakı ərazisi 8-9 ballıq zəlzələ zonasıdır. Elə yerlər var ki, zəlzələnin balı 10 bala qədərdir. Bu da qurunt suyunun səviyyəsi, onun fiziki, mexaniki xüsusiyyətindən asılıdır. Bundan asılı olaraq laylardan keçdikcə enerji boşalması gedir, sürət azalır, bu da yer səthində öz təzahürünü göstərir. Ona görə də Bakı kimi mürəkkəb coğrafi relyefi olan ərazidə 8-9 ballıq zəlzələ olması təəccüblü hal deyil”.
Yetirmişli qeyd edir ki, Bakıda elə zonalar var ki, yeni tikilən yaşayış komplekslərin biri 8, digəri isə 9 ballıq ərazilərdə yerləşir. “Yəni, eyni binadır, aralarında məsafə azdır, amma bal fərqi var. Yəni, bu, yerin quruluşundan asılıdır”.
Qeyd edək ki, Bakıda binaların zəlzələyə davamlı olub, olmadığını FHN müəyyən edir. Tribunainfo.az xəbər verir ki, qanunverciliyə əsasən bu nazirlik yeni tikilmiş binaları yoxlamalı, onun istismara yararlı olub, olmadığı barədə rəy verməlidir. Nazirlikdən verilən xəbərlərdən belə aydın olur ki, hazırda ölkə üzrə cəmi 67 yaşayış binası istismara qəbul edilməyib.
FHN isə açıqlamasında qeyd edir ki, Bakıda son 10-15 il əvvələ qədər tikilmiş yaşayış və ya qeyri-yaşayış binalarının zəlzələyə davamlı olub-olmamasını öyənmək həmin binaları balansında saxlayan qurumun məsuliyyətidir. Yəni, köhnə binaların zəlzələyə davamlılığını öyrənmək üçün hər bir qurum öz balansındakı bina ilə bağlı Elmi -Tədqiqat İnstitutlarına müraciət edərək, onun davamlılğını ölçdürə bilər. Bu isə o deməkdir ki, binaların vəziyyətinə məsul olan qurumlar Bakı İcra Hakimiyyəti və yerli İcra Hakimiyyətləridir. Onların isə paytxtda reyd keçirdikləri heç kimə məlum deyil.
Ekspertkər bildirirlər ki, Bakıda inşa edilmiş binalarda istifadə olunmuş tikinti materiallarının keyfiyyətində problem yoxdur. Sadəcə, həmin binaların zəlzələyə nə qədər davamlı olub, olmaması bəlli deyil. Çünki bununla bağlı ekspertiza aparılmalıdır.