İRƏVANDAN KREMLƏ BİR GÜNDƏ İKİ “ATƏŞ” – EKSPERT İSƏ DEYİR Kİ…

İRƏVANDAN KREMLƏ BİR GÜNDƏ İKİ “ATƏŞ” – EKSPERT İSƏ DEYİR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var, Ermənistanın problemləri konstruktiv şəkildə müzakirə etmək, anlamaq və həll etməkdən başqa mövqeyi yoxdur”. Tribunainfo.az “Hraparak” erməni nəşrinə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Ermənistan çoxsaylı və çoxsahəli əlaqələri olan Rusiya ilə də münasibətlərini inkişaf etdirməyə davam edəcək. Təbii ki, bu münasibətlərdə müəyyən problemlərin olduğu göz qabağındadır. Bizi çox şey qane etmir, çox şeyə təəccüblənirik, anladığım qədər, Rusiya Federasiyasında da belə münasibət var. Əminik ki, rusiyalı tərəfdaşlarımızın təəccübünə səbəb müxtəlif media orqanlarında gördüyümüz siyasətin nəticəsidir və s. Bizim problemləri konstruktiv şəkildə müzakirə etmək, anlamaq, həll etmək, dostluq və əməkdaşlıq şəraitində irəliləməkdən başqa mövqeyimiz yoxdur”, – deyə Mirzoyan bildirib. XİN rəhbəri əlavə edib ki, bu, erməni tərəfinin mövqeyidir, onlar bu istiqamətdə işləyirlər, bunun nəticə verəcəyinə ümid edirlər.

“Beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət qurmaq belə Rusiya tərəfindən nümayişkaranə “anti-Rusiya jesti” kimi dəyərləndirilir”. Bunu isə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət qurmaq Rusiya tərəfindən nümayişkaranə anti-Rusiya jesti kimi dəyərləndirilir. Belə çıxır ki, Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, heç kimə salam belə verməməlidir. Eyni zamanda, belə çıxır ki, Ermənistan həmişə “müttəfiq”indən asılı olmalıdır, Ermənistan həmişə qorxmalıdır, qorxmalıdır ki, “müttəfiq” yoxdursa, onu öldürəcəklər, o qorxu, o qılınc həmişə “müttəfiq” olmaq üçün ermənilərin başları üzərində asılmalıdır”, – spiker bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl Ermənistan rəsmilərinin ukraynalı həmkarları ilə son təmaslarını “anti-Rusiya jesti” adlandırmışdı.
Siyasi şərhçi Ramiyə Məmmədova saytımıza bildirib ki, gərginlik artır, spiker və nazir eyni gündə Moskvaya cavab qaytarırlar: “Bu münasibətlər düzələnə oxşamır. Çünki Ermənistan Rusiyadan uzaqlaşma xətti götürüb. Rusiya isə hakimiyyətin dəyişəcəyi günü gözləyir. İndiki halda alınmasa da, Kreml bunun üçün təzyiq siyasətini davam etdirir”. Ekspert bildirib ki, Rusiyaya görə Ermənistan ona minnətdar olmalıdır: “Amma hazırkı erməni cəmiyyəti və hakimiyyəti ruslardan üz çevirib. Bu da bağışlanmır. Rusiyanın fikrincə, Ermənistan onun təsirindən ayrıla bilməz. Paşinyan isə açıq surətdə Qərbə yaxınlaşır”.