Ermənistanda yenidən Zəngəzur dəhlizi isterikası baş qaldırıb. Tribunainfo.az xəbər verir ki, artıq əksər erməni politolqoları ilə yanaşı, xarici ekspertlər də onlara qoşulublar.
Belə ki, politoloq Ara Pososyan iddia edib ki, Türkiyə Ermənistan cəmiyyətini inandırır ki, hakimiyyət dəyişəcəyi təqdirdə müharibə olacaq. “Hazırda Azərbaycan Zəngəzur dəhlizi haqqında fəal şəkildə danışır, Türkiyə tərəfi isə Naxçıvan sərhədinə qədər yolun tikintisini davam etdirir. Əgər yol hissəsinin tikintisi davam edərsə, bu reallaşacaq”.
O bildirib ki, Türkiyə tərəfinin Ermənistandan daha bir tələbi var. Onun sözlərinə görə, Ankara İrəvandan dəhlizin keçəcəyi 42 km-lik hissənin xərclərini öz üzərinə götürməsini tələb edir.
Rus siyasətçi Sergey Karnauxov isə qeyd edir ki, Zəngəzur mövzusu Azərbaycan üçün gündəmdən çıxarılmayıb və Bakı həmin ərazini ələ keçirmək üçün hər şeyi edəcək.
Onun sözlərinə görə, rəsmi Bakı güc mövqeyindən tutmuş hər şeyi edir. “Azərbaycan güclü danışıqlar mövqeyinə malik olduğunu və son məqsədləri olduğunu başa düşür. Son məqsəd isə Ermənistanın özlərininki hesab etdikləri, onlara lazım olan Azərbaycana keçməli olan yeni əraziləridir”.
Karnauxov daha sonra bildirib ki, Azərbaycan üçün Naxçıvanla quru əlaqəsinin yaranması, bütün ərazilərin birləşdirilməsi, Türkiyə ilə ortaq ticarət və logistika məkanının formalaşdırılması onların iqtisadiyyatına lazım olan şeydir. “Ona görə də buna nail olacaqlar və bunun baş tutması üçün hər şeyi edəcəklər”.
Tribunainfo.az bildirir ki, ekspert Varujan Qeqamyan isə bir qədər də irəli gedərək, təzyiqlərin daha da artacağını vurğulayıb. O deyib ki, Zəngəzur dəhlizi layihəsi Türkiyənin daxili və xarici prioritetlərindən birinə çevrilib. “Türkiyə dəhlizin həyata keçirilməsinin növbəti mərhələsinə keçir. O zaman söhbət təkcə diplomatik ölçüdən getmir. Həm də əsas xarici siyasət təşəbbüslərindən birinə çevrilərək ictimaiyyətə təqdim olunur”.
Qeqamyan onu da deyib ki, Ermənistan ərazisinin bir hissəsinin tikintisinə başlamaq və ya onun istifadəyə verilməsi üçün Ermənistana təzyiq etmək zərurəti yaranıb. “Qarşıdakı aylarda biz təzyiqin 4 dəfə artmasının şahidi olacağıq”.