Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistanda böyük rezonansa səbəb olub. Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistanda böyük rezonansa səbəb olub.
TİA.AZ axar.az-a istinadən xəbər verir ki, artıq dövlət qurumları ard-arda bəyanatlar səsləndirməyə başlayıblar. Təkcə İrəvan yox, Qarabağdakı qondarma rejimin nümayəndələri də aktivləşiblər.
Ermənistanın Xarici İşlər Nazirliyi guya Lapşinin Azərbaycana ekstradisiya olunmasının söz və hərəkət azadlığına zidd olduğunu bəyan edib. Ermənistanın ombudsmanı isə Brüsseldə səfərdə olmasından istifadə edərək Avropa Birliyinin bir sıra rəsmi nümayəndələri, o cümlədən AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salberə Azərbaycandan şikayət edib.
Lakin ölkədəki reaksiyalar bununla kifayətlənməyib. Hökumətin özünümüdafiə xarakterli açıqlamalarına ən sərt reaksiya jurnalistlərdən və müxalifətdən gəlib. Mətbuat ekstradisiya xəbərindən dərhal sonra İrəvanın Avrasiya İttifaqında heç bir rolunun olmadığını əks etdirən yazılar tirajlamağa başlayıb. KİV Ermənistanın heç bir müttəfiqi olmadığı təşkilata inteqrasiyasını (Avrasiya İttifaqı nəzərdə tutulur – red.) məntiqsizlik adlandırıb.
Hökumətə yaxın ekspert Stepan Safaryan isə ölkə diplomatiyasını kəskin tənqid edib. Safaryanın fikrincə, Lapşin məsələsindən sonra Ermənistanın Belarusdakı səfiri dərhal vəzifəsindən azad edilməlidir. Müxalifət də Safaryanla eyni fikri bölüşüb. İrs Partiyasının mətbuat katibi David Sanasaryan ölkə diplomatiyasının fəaliyyətini yarıtmaz sayıb:
“Lukaşenkonun Lapşini Azərbaycana verməsi sübut edir ki, bizim heç bir diplomatik rıçaqımız Belarus prezidentinin qarşısını ala bilmədi. Xaricilər daha yeni “lapşinlərə” çevrilməmək üçün Qarabağa səfər etməyəcəklər”.
Göründüyü kimi, Lapşinin ekstradisiyası Ermənistanda şok effekt yaradıb. Ən maraqlı məqam isə İrəvanın niyə bu qədər israrla söz və hərəkət azadlığı ifadələrini işlətməsidir. Məhz İrəvan özünün Qarabağdakı separatçılarının əli ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevi artıq 2 ildən çoxdur ki, əsir saxlayır. Hərəkət azadlığından dəm vuran Ermənistan Xarici İşlər Nazirliyi niyə Lapşin üçün bəyan etdiyi hərəkət azadlığını bu iki vətəndaş üçün tətbiq etmir? Lapşindən fərqli olaraq, onlar yad ərazi yox, Azərbaycan ərazisi olan Qarabağa səfər ediblər. İrəvan isə faktiki olaraq Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığından, rəsmi sənədlər üzərində Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Belə olan halda iki mülki şəxsdən diversant düzəldib, onların hərəkət azadlığını pozmaq nəyə lazım idi?
Üstəlik, Lapşin Azərbaycana söz azadlığına və hərəkət azadlığına görə ekstradisiya edilməyib. Lapşin Azərbaycana ölkə sərhədlərini qanunsuz keçdiyinə və dövlətə qarşı çağırışlar etdiyinə görə ekstradisiya olunub. Bu isə nə beynəlxalq hüququn, nə Azərbaycanın, nə Belarus qanunlarının, nə Rusiya, nə də İsrailin qanunlarının pozulması deməkdir. Hətta Ermənistanın qanunları belə buna icazə verir.
Görünür, İrəvan Lapşindən sonra yaranacaq vəziyyətdən çox narahatdır. Üstəlik, İrəvanın illərdir ictimaiyyətdə formalaşdırdığı “Qarabağa görə heç kim cəzalanmayacaq” fikrinə qarşı şübhələr yaranmağa başlayıb. Bu isə parlament seçkisi ərəfəsində Ermənistan hakimiyyətinə və dövlətinə sarsıdıcı zərbədir.