Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə artıq ikitərəfli görüşlərə başlayaraq ABŞ dövlət katibi Entoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib, “etnik təmizləmə”dən, “Bakının qeyri-konstruktiv” yanaşmasından danışıb.
Tribunainfo.az yazır ki, politoloq Elxan Şahinoğlunun fikrincə, İrəvanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir:
“Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayıb. Hər il dekabrın əvvəlində ATƏT-ə həmin müddətə rəhbərlik edən ölkəsində nazirlərin sammiti keçirilir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bu gündən Skopyedə görüşlərə başlayacaq.
İrəvanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir. Açıqlamaları da məhz bu məqsədi daşıyır. Fransa ilə məsələ aydındır, ancaq hesab edirəm ki, Azərbaycanın digər Qərb ölkələri ilə təmasları intensivləşdirməyə və izahat işini gücləndirməyə ehtiyac var”.