Ermənistanda bir qism siyasətçi Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr razılaşma sənədini əsas tutaraq, Ermənistanın beynəlxalq məhkəmələrdən nələrsə qopara biləcəyini iddia edirlər. Tribunainfo.az xəbər verir ki, həmin kontingentin məntiqinə görə, bu sənədə əsasən ermənilər Qarabağa qayıda, onlara status alına bilər.
Lakin erməni ekspert Andrias Qukasyan hesab edir ki, bütün bu cəhdlərin heç bir xeyri yoxdur. Çünki həmin sənəd beynəlxalq hüquqi qüvvəyə malik deyil.
Onun sözlərinə görə, bu gün reallıqda sülh müqaviləsindən söhbət getmir. O hesab edir ki, Ermənistanın atəşkəs rejimini saxlamaq üçün üzərinə hansısa əlavə öhdəliklər götürməli olacaq. “Əslində indi atəşkəs razılaşması yoxdur. Noyabrın 10-u atəşkəs razılaşması deyildi, bu, beynəlxalq müqavilə xarakteri daşımayan üçtərəfli bəyanatdır. Buna görə Ermənistan BMT məhkəməsinə müraciət edə və Qarabağda etnik təmizləmənin baş verdiyini deyə bilməz. Bu həm də Azərbaycan və Rusiyanın onun yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımaması deməkdir”.