“Suriyaya, hətta Avropaya qaz ixracı məsələsini qapalı hesab etməməliyik. Əgər sanksiyalar aradan qaldırılarsa, biz Azərbaycan və Türkiyə ilə bu ölkələrə qaz kəmərlərini birləşdirmək və ixracı artırmaq üçün tərəfdaş ola bilərik”.
Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Mirqasim Mömini İLNA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Zəngəzur üzərindən Azərbaycanın qaz nəqli məsələsi hazırda müzakirə edilir. “İndi Zəngəzur üzərindən Azərbaycan qaz nəqli xətti çəkməsi müzakirə edilir. Burada Azərbaycan, Qətər, Türkiyə və İsrail iştirak edir. Naxçıvan, Türkiyə, Kürdüstan bölgəsindən birbaşa boru kəməri ilə qazı Suriya və İsrailə ötürməyi planlaşdırırlar”.
Mömini qeyd edib ki, İsrailin hazırda bölgədə başlatdıqları bu müharibələr son nəticədə iqtisadi fayda əldə etməyi hədəfləyir. “Daha da önəmlisi Zəngəzur dəhlizini həyata keçirməklə əslində İranı mühasirəyə almağa çalışırlar”.
O hesab edir ki, Zəngəzur kəmərinin açılması ilə İran qaz ixracı imkanlarının mühüm hissəsi itirəcək. “Buna görə də Tehran buna qarşıdır. Sanksiyalar olmasaydı, Suriyaya qaz çatdıra biləcək İran kəməri olardı. Lakin indi müştərilər Zəngəzura gediblər”.
Fərda Uğur