İranlı deputat Pezeşkianı Azərbaycana görə “ittiham” etdi

İranlı deputat Pezeşkianı Azərbaycana görə “ittiham” etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı səsləndirdiyi son fikirlərinə bu ölkənin parlamentindəki mühafizəkar qrupdan da reaksiya gəlib.

Tribunainfo.az xəbər verir ki, Tehran parlamentində təmsil olunan radikal deputatlardan biri Həmid Rəsayi Pezeşkianı sərt tənqid edib.

O, çıxışı zamanı İran prezidentinə xitabən “Bəyanatlarınıza diqqət edin” söyləyib. Ardından isə “Düşmənlərə bəhanə verməyin! Sizin Zəncana səfəriniz zamanı söylədiyiniz fikirlər İran və Azərbaycan xalqlarının düşmənlərinin dəyirmanına su tökməkdir” fikirlərini səsləndirib.

Rəsayi iddia edib ki, guya, İran Azərbaycanla bağlı məsələlərdə həmişə bədəl ödəyib. “İran 1-ci Qarabağ müharibəsində Azərbaycanı müdafiə edib, ziyan çəkib, tələfat verib”.

İranlı deputat Pezeşkianın İsraillə Azərbaycan arasında sıx əlaqələrdə özünü günahkar bilməsi fikrinə də toxunub. “Bu fikriniz İranı ittiham etmək və düşmənə bəhanə verməkdir.  Bu fikriniz iki cəhətdən problemlidir. 1-ci, İranı ittiham edir, ikincisi Azərbaycanı İsrailin dostu kimi təqdim edirsiz. İsrail Azərbaycan xalqının  dostu deyil”.

Rəsayi bir qədər də irəli gedərək ənənəvi molla nağıllarından danışıb. “İsrail Təbriz əhalisindən 60 nəfəri öldürdüyü kimi, gün gələcək Azərbaycan xalqını qətliam edəcək”.

Deputat Pezeşkianın “Zəngəzur bizim üçün xırda məsələdir” deməsinə də aqressiv yanaşıb. “Bu, İranın siyasətinə ziddir. Bu, ali rəhbərin bəyanatlarına ziddir. Siz ali rəhbərə sadiq olduğunuzu bəyan etdiyiniz halda niyə Bakıya səfərinizdə iki nəfərin “Yaşasın Azərbaycan” deməsi ilə Təbrizi unudursunuz? Bütün bunlar yavaş-yavaş insanı belə qənaətə gətirir ki, bu vəzifəyə bacarıqlı və qüdrətli insan lazımdır!”

P.S. İrandakı radikal mövqeli mollaların Pezeşkianın Azərbaycanla bağlı xoş sözlərinə belə reaksiya verməsi qəribə deyil. Onlar ənənəvi olaraq nifaq və düşmənçilik toxumu səpməyə, insanları bir birinə düşmən şəklində göstərməyə çalışırlar.

Rəsayinin ittihamlarına gəlincə, bu adamın fikirləri heç bir arqumentə əsaslanmayan, sadəcə nifrətdən doğan yanaşmadan başqa bir şey deyil. Heç bir dəil və sübut olmadan Azərbaycanı ittiham etmək onlara onsuz da başucalığı gətirmir və gətirməyəcək.

Fərda Uğur