Əbu Dabi görüşü, ardından isə ABŞ-ın Zəngəzurla bağlı məlum açıqlaması İranda yenə isterika ilə qarşılanıb.
Tribunainfo.az xəbər verir ki, bu ölkənin siyasi dairələrinə bağlı media mövzu ilə bağlı davamlı tənqidi materiallar dərc etməklə yanaşı, həm də əsas qorxularını ifadə edirlər.
Ötən gün İranın Defapress.ir saytı “Qafqazda geosiyasi intriqa; Zəngəzur adı ilə etnik millətçilik” başlıqlı geniş yazı ilə çıxış edib. Sayt yazır ki, “Ermənistan İranın mehriban və gərginliksiz münasibətləri olan qonşularından biridir. Ermənistan ərazisindən keçən və Azərbaycanın və ya xarici qüvvələrin nəzarətində olan dəhlizin yaradılması bu həyati əlaqəni kəsə bilər”.
Bundan başqa, nəşr iddia edib ki, bu İran üçün strateji təhlükədir. “Belə bir dəhlkiz regional güc tarazlığını dəyişdirə, İranın şimal qonşusu olan ölkələrə çıxışını poza bilər”.
Defapress.ir həmçinin Zəngəzur dəhlizini İranın milli maraqlarına zidd faktor kimi də “təqdim” edir. “İran dəhlizə təkcə nəqliyyat marşrutu kimi deyil, həm də İranın Cənubi Qafqaz regionunda təcrid olunmasına gətirib çıxara və milli maraqlarını təhlükə altına sala biləcək geosiyasi alət kimi görür”.
Amma sayt əslində bununla İranın ən çox qorxduğu məsələni də üzə çıxarıb. Həmin məsələ isə əksəriyyətin “Turan yolu” kimi qəbull etdiyi türk dünyasının birləşməsi ilə bağlıdır. “Zəngəzur dəhlizinin İranı narahat edən məqamlarından biri də Türkiyə-Azərbaycan oxunun güclənməsidir. Bu, dəhliz etnikləşdirmə layihəsinin bir hissəsi ola bilər. Zəngəzur dəhlizi Türkiyə, Naxçıvan və Azərbaycan arasında birbaşa əlaqə yaratmaqla bu ittifaqı daha da möhkəmləndirə bilər. İran üçün bu, İranın maraqları ilə birbaşa ziddiyyət təşkil edən Cənubi Qafqazda Türkiyənin təsirinin artırılması deməkdir. Türkiyə NATO-nun üzvü və İsraillə əlaqələri olan bir ölkə kimi İran tərəfindən regionda etibarsız bir aktor kimi görünür. Türkiyənin Qafqazda təsirinin gücləndirilməsi NATO və İsrailin İran sərhədləri yaxınlığında dolayı mövcudluğunu artırmaq anlamına gələ bilər ki, bu da İranın milli təhlükəsizliyi baxımından qəbuledilməzdir”.
Buradan aydın görünür ki, İranı heç də dəhlizin açılması narahat etmir. Həmçinin onun Ermənistan üzərindən keçməsi amili ilə bağlı gətirdiyi arqumentlər də mahiyyət etibarı ilə bəhanələrdən ibarətdir. Əsl qorxu isə türk dünyasının birləşməsi və Türkiyənin regionda güclənməsidir. İran anlayır ki, bu baş verərəsə, Güney Azərbaycan məsələsi aktual olmağa başlayacaq. Elə qorxusunun altında gizlənən başlıca amil də budur.
Defapress.ir-in yazddıqlarında bu amilin ddaha də dəstəklənməsi aydın görünür. “Zəngəzur dəhlizi sadə nəqliyyat marşrutundan daha çox, regiona və onun hüdudlarından kənara təsir edəcək dərin geosiyasi və iqtisadi təsirlərə malikdir. O, yeni regional güc oxu üçün katalizator rolunu oynayır. Onun “türk birliyi”nin möhkəmləndirilməsində və Türkiyə ilə birbaşa quru əlaqəsinin qurulmasındakı rolunun davamlı vurğulanması onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə üçün layihə sadəcə iqtisadi əlaqə deyil, strateji müttəfiqliyi möhkəmləndirmək və Cənubi Qafqazda yeni güc oxu yaratmaqdır”.
Sayt yekunda İranın bu dəhlizin açılmasına mane olmasını vacib şərt kimi qeyd edir.
Fərda Uğur