İranın dəhliz isterikası: Mollalar nə istəyir?

İranın dəhliz isterikası: Mollalar nə istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngəzur dəhlizi məsələsi yenidən aktuallaşan kimi, İrandakı molla rejiminin kürkünə yenidən birə düşüb.

Tribunainfo.az xəbər verir ki, əgər əvvəllər yalnız rəsmi şəxslər açıqlama verirdilərsə, indi onlara məsciddə xütbə oxuyan mollalar da qoşulublar.

Qeyd edək ki, ilk “atəş”i İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Əkbər Vilayəti “açıb”. O, İSNA Agentliyinə açıqlamasında zəngəzur dəhlizinin açılmasını İranın ərazi bütövlüyünə təhdid olduğunu iddia edib.

Vilayətinin ardından isə zkspert Əbdürrza Fərəcirad lap “gül” vurub.  O, elə iddialar edib ki, bişmiş toyuğun gülməkdən ürəyi gedib. Məsələn, o deyib ki, “Bölgədə baş verən hərbi gərginliklərin, o cümlədən 12 günlük müharibənin “kökü” Azərbaycana gedib çıxır”.

Fərəcirad məsələni Zəngəzur dəhlizinə bağlayıb. “Azərbaycan Zəngəzur dəhlizi planı ilə ABŞ və İsrailə “İrana çıxış imkanı” yaradır. Bu planı yeni münaqişələrin təməlidir”.

Ekspert yekunda “qarnının ağrısı”nı da nümayiş etdirib. “İranın Ermənistanla daha yaxın əlaqə qurması lazımdır. Azərbaycan isə İranın dostu deyil”.

SEPAH-a bağlı “Fars” Agentliyi də bu “xor”a qoşulub. Agentlik yaydığı yazıda qeydd edib ki, “Zəngəzur dəhlizi İran üçün sadəcə nəqliyyat yolu deyil, əslində həyati bir məsələdir”.

Müəllif bu layihənin məqsədinin İranı mühasirəyə almaq, onun geosiyasi boğulmasına nail olmaq, son nəticədə ölkənin ərazi bütövlüyünə qəsd edərək onu parçalamaq olduğunu iddia edib. “Bu yanaşmada ilk növbədə işin arxasında İsrailin durduğu bildirilir və İran əleyhinə planlarda onun əsas müttəfiqi Azərbaycandır”.

Tribunainfo.az xəbər verir ki, İrandakı rejim ekspert, agentlik və müşavirlərin estafetini yerli imam cümələrə ötürüb. Məsələn, Xamineyinin Talış bölgəsindəki nümayəndəsi, Taleş şəhərinin imam cüməsi Müctəba Nurzad bir qədər də uzağa gedərək, sərsəmləyib. O iddia edib ki, guya, Azərbaycan “sionistlərin oyuncağına” çevrilib. “Bu oyun yalnız Azərbaycan xalqına ziyan vurmaqla qalmır, həm də bölgənin sabitliyini təhlükə altında qoyur”.

Molla Müstəba dini işləri bir kənara qoyaraq, Zəngəzur dəhlizi məsələsində “politoloq”luq da edib. “Zəngəzur dəhlizi sadəcə regional nəqliyyat yolu deyil, əslində sionist-NATO və ya Turan-NATO dəhlizi kimi xarici aktorların Azərbaycandakı planının bir hissəsidir. Zəngəzur dəhlizi İranın milli maraqlarına və regional təhlükəsizliyə təhdiddir”.

İranın dini liderinin Kaşan şəhərindəki nümayəndəsi Seyid Səid Hüseyni də qısa zamanda “politoloq”a çevrilib. O, son cümə xütbəsində “Azərbaycanın Zəngəzur dəhlizi layihəsi Amerika və İsrailin təxribatıdır” deyib.

Hüseyni ddaha sonra “ABŞ, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı razılaşma İrana qarşı təxribatdır” sözlərini də işlədib.

Əslində, bütün bu mətnlər, fikirlərin hamısı bir mənbəydən gəlir. Söhbət İranın dini lideri Əli Xamineyinin ofisindən gedir. Çünki eyni sözlər, eyni fikirlərin hamı tərəfindən ifadə edilməsi və eyni məsələni əhatə etməsi mümkün deyil. Üstəlik, Vilayətindən fərqli olaraq, imam cümələrin də prosesə cəlb olunması o deməkdir ki, Xamineyinin ofisi iş başındadır və onlar tezislər ötürərək, bütünlüklə səfərbər olublar.

İranın dərdi Zəngəzur dəhlizi deyil. Bunun daha dərin kökləri var. Bu barədə uzun uzadı danışmayaraq, onlardan yalnız birini qeyd edək. İranın ən qorxduğu şey, dəhliz açıqldıqdan sonra Azərbaycanın daha da güclənəcəyidir.

Fərda Uğur