“Zəngəzur dəhlizinin açılması istiqamətindəki təzyiqlər fonunda İran və Ermənistan bir daha Culfa-Ermənistan-Gürcüstan-Qara dəniz dəmir yolu layihəsinin əhəmiyyətini anlamalıdır”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “361Iran” saytında dərc olunmuş məqalədəndir.
Yazı müəllifinin sözlərinə görə, bu marşrutun həyata keçirilməsi regionda güc balansını dəyişdirə və İranı Fars körfəzi ilə Avropanı birləşdirən əsas tranzit qapısına çevirə bilər. “Layihə 2016-cı ildə təklif olunmuş “Fars körfəzi-Qara dəniz dəhlizi”nin tərkib hissəsi sayılır. Plana görə, yüklər İranın cənub limanlarından daşınaraq Ermənistan və Gürcüstan üzərindən Qara dəniz limanlarına, oradan isə Avropaya ötürüləcək”.
Sayt qeyd edir ki, bu yol həm logistika baxımından xərcləri və vaxtı azaltmaq, həm də İranı Fars körfəzi, Oman dənizi, Xəzər və Qara dəniz arasında mərkəzi nəqliyyat qovşağına çevirmək gücünə malikdir.
“361İran” sonda iddia edib ki, guya, Azərbaycanın Amerikanın dəstəyi ilə Zəngəzur dəhlizini açmağa çalışır. “Bu, İran üçün şimal sərhədlərində təhlükə yaradır. Belə bir şəraitdə Culfa-Qara dəniz dəmir yolu İranın geosiyasi balansda üstünlük kartı ola bilər”.
Xatırladaq ki, İran tərəfi bundan öncə Zəngilandan Culfaya uzanan və İran üzərindən keçən Araz dəhlizini ön plana çəkmişdi.
Fərda Uğur