İranda yeni dini lider müzakirələri: Xamineyinin varisi kim olacaq? – EKSPERT RƏYİbackend

İranda yeni dini lider müzakirələri: Xamineyinin varisi kim olacaq? – EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən İranda yeni dini liderin kim olacağı ilə bağlı müzakirələr vüsət almağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bu müzakirələrin qızışmasına səbəb İranın dini lideri Əli Xamineyinin yerli imam cümələrə və ayətullahlara göstəriş verməsidir.

Belə ki, Sari şəhərinin imam cüməsi Hüseyn Şafii Darabi cümə xütbəsində bəyan edib ki, Xamineyi onun yerinə kimin seçiləcəyi ilə bağlı hazırlıqlara başlamaq barədə göstəriş verib. “Biz bununla bağlı hazırlıqlara başlamışıq”.

Analoji açıqlama ilə İsfahanın imam cüməsi Əbulhəsən Məhdəvi də çıxış edib. O deyib ki, ayətullahlardan ibarət komissiya 3 nəfərin namizədliyini müəyyənləşdirib.

Qeyd edək ki, İranda dini lideri imam cümələr deyil, “Məclise Xubriqan” seçir. Bu, tərcümədə “Ekspertlər Şuras” kimi qeyd edilsə də, daha çox “Ayətullahların parlamenti” anlamı daşıyır. Elə Əli Xamineyi də məhz “Məclise Xubriqan”a müraciət edərək, onlardan hazırlıq görmələrini istəyib.

Siyasi ekspert Fikrət Fəraməzoğlu bununla bağlı Tribunainfo.az-a verdiyi açıqlamasında deyib ki, Xamineyinin belə bir addım atmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, səbəblərdən biri budur ki,  İranın dini lideri sağılığında yerində kimin oturacağını müəyyən etməyə çalışır. “Xamineyi sağkən varisini postuna gətirmək istəyir ki, öldükdən sonra qarışıqlıq və qarşıdurma yaranmasın. Çünki İranda hərbi və dini elitada onun yerinə gələcək şəxslə bağlı fikir ayrılıqları var. Bu səbəbdən də, o, işini sağkən qarantiyə almağa çalışır”.

Ekspert ikinci amil olaraq, Xamineyinin səhhətinin ağır olmasını güman edir. O qeyd edib ki, İranın hazırkı dini lideri yaşlıdır və xəstə olması da çoxdan məlum idi. “Görünür, Xamineyinin səhhəti daha da pisləşməyə başlayıb. Ona görə də, indidən qərar verilməsini istəyir”.

Bəs, İranın yeni dini lideri kim ola bilər? Bu suala cavab verən Fəraməzoğlu deyib ki, seçim imkanları realda çox olsa da, faktiki olaraq həddindən artıq məhduddur. “Bu posta uzun zamandır Xamineyinin oğlu Müctəbanı gətirməyə çalışırlar. Onun SEPAH və BƏSİC-də ciddi dəstəyi var. Genralitet onu yeni rəhbər kimi görür. Bu da səbəbsiz deyil. Çünki Müctəba Xamineyi xaraktercə zəif adam hesab olunur. Onun atası kimi siyasətçi olmadığı, daha tez özündən çıxan və bir çox hallarda səhv qərarlar verə bilən şəxs kimi xarakterizə edilir. Bu da SEPAH-ın işinə yarayır. Çünki belə adamı idarə etmək asandır”.

Siyasi ekspert digər namizədlər arasında Xamineyinin müşaviri Əli Laricaninin də ola biləcəyini istisna etməyib. O vurğulayıb ki, Laricani dini sektada ciddi nüfuza malikdir. “Üstəlik, o, parlamentin spikeri olub, SEPAH-da ona simsar olan generallar da var. Həmçinin laricani ailəsi İranda həm nüfuzlu, həm də çox varlı təbəqə kimi tanınır.  Onun ata və babaları da İranın nüfuzlu din alimlərindən olub. Lakin Laricani Xamineyinin müşaviri olmasına baxmayaraq, aralarında ciddi fikir ayrılıqları var. Hətta bir ara Laricani müxalif mövqedə dayanmışdı və islahatçı qanada qoşulmuşdu”.

O vurğulayıb ki, sözügedən posta bir zamanlar İranın helikopter qəzasında dünyasını dəyişmiş prezidenti İbrahiçm Rəisi daha çox şanslı görünürdü. “Hətta Rəisi bir neçə yerdə yeni dini lider olacağını da açıq bildirmişdi. Elə bu səbəbdəndir iddialar var ki, Rəisinin ölümünə səbəb məhz bu cür fikirlər səsləndirməsi və iddia ortaya qoyması olub. Yəni, rəqibləri iddialarından dolayı onu aradan götürüblər”.