İranda son bir həftədə məmur özbaşınalığı və sosial problemlər səbəbindən intihar edənlərin sayı artıb.
Tribunainfo.az xəbər verir ki, ilk hadisə Əhvazda qeydə alınıb.
Belə ki, şəhər sakinlərindən biri evini uçurmağa çalışan məmurlara etiraz edərək, özünü yandırıb. Bunun ardından isə ikinci hadisə Sənəndəc şəhərində baş verib. Şəhərin yanğınsöndürmə idarəsinin əməkdaşı aylardır əmək haqqını ala bilmədiyinə özünə qəsd etməklə etiraz edib.
Qeyd edək ki, bu hadisələr Tehran rejimini ciddi şəkildə narahat edib. İran DİN-i Əhvaz qubernatorunu dərhal vəzifəsindən azad edib. Həmçinin məsələni araşdırmağa başlayıb.
Bunun ardından İran prezidenti Məsud Pezeşkian özünə qəsd etmiş şəxsin ailəsinə başsağlığı verərək, onları səbirli olmağa çağırıb.
İran rejiminin ehtiyat etdiyi əsas məsələ Tunisdə baş vermiş analoji hadisələrin bu ölkədə də təkrarlanmasından ehtiyat etməsidir. Çünki həmin vaxt göyərtisatan gəncin özünü yandırmasından sonra Tunisdə inqilab baş vermişdi. Həmin hadisə “ərəb baharı”na gətirib çıxarmışdı.
İranda “Tunis varinatı”nın baş verməsi isə realdır. Çünki ölkədə sosial-iqtisadi durum olduqca ağırdır. Əhalinin təxminən 40 faizə qədəri aclıq həddində yaşayır. Bundan başqa, ölkədə əmək haqlarının ödənilməsində ciddi problem var. Su, elektrik və təbii qazın təminatı məsələsi isə acınacaqlı durumdadır. Bütün bunlar isə İranda hər an etirazların başlamasına gətirib çıxara bilər.
Fərda Uğur










