İranda “sonuncu döyüş”: Bu dəfə kim seçiləcək?- Fikrət Fəraməzoğlu yazır…

İranda “sonuncu döyüş”: Bu dəfə kim seçiləcək?- Fikrət Fəraməzoğlu yazır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah İranda prezident seçkiləridir. 50 gündən artıq davam edən seçki marafonu başa çatır. İndi müzakirə olunan əsas mövzu kimin seçiləcəyi ilə bağlıdır.
Əvvəlki yazılarımda da bildirmişdim ki, İranda faktiki siyasi səhnədə iki tərəf var. Elə seçkilər də bu iki tərəfin arasında keçirilir. Onlardan biri sağ və onun tərkibində heç də zəif olmayan ultra sağdır. Onun namizədləri Səid Cəlili və Məhəmmdbaqir Qalibafdır. Hər iki şəxs dini rəhbərə bağlı olmaqla yanaşı, həm də SEPAH-ın dəstəyini alırlar. Lakin ölkə daxilində nüfuzları heç də güclü deyil. Xüsusən də sağçı dindarlar Məhsa Əmini hadisələrindən, habelə ölkədə iqtisadi böhran səbəbindən ciddi şəkildə nüfuz itkisinə məruz qalıblar.
Sağın digər namizədləri Purməhəmmədi, Zakani və Haşimi idi. Dünən Əmirhüseyn Haşimi namizədliyini geri götürdü. Bunu isə sağ qanadın səslərinin parçalanmaması üçün etdiyini bildirib.
Amma görünən odur ki, seçkilərə bir gün qalmış olsa da, daha bir və ya iki namizəd geri çəkiləcək. Dünən SEPAH-ın “Qüds qoşunları”nın komandanı İsmayıl Kaani sağın iki namizədini, Səid Cəlili və Məhəmmədbaqir Qalibafla görüşüb. Böyük ehtimalla bu görüşün məqsədi namizədlər arasında konsensusun əldə olunması, onlardan birinin geri çəkilməsi ilə bağlı olub. Çünki son rəy sorğularına əsasən Cəlili və Qalibaf birlikdə 48 faiz səs toplaya bilirlər. Bu sağ qanadı ciddi şəkildə narahat edən faktordur.
Digər qanad isə liberal və sol təmayülün nümayəndələrinin cəmləşdiyi islahatçılardır. Bu qanadın seçkilərdə namizədi əslən azərbaycanlı olan Məsud Pezeşkiyandır. Keçmiş prezident Həsən Ruhani hökumətində təmsil olunmuş Təbrizin deputatı seçki kampaniyasını çox uğurla apramağa nail olub. Elə bu səbəbdəndir ki, son bir neçə gündə səslərini 24 faizdən 30 faizə qədər artıra bilib.
İslahatçıların indiki məqamda hakimiyyətə sahiblənmək ehtimalı 50 faiz hesab olunur. Buna səbəb onların vəd etdiklərinin cəmiyyətin istəkləri ilə üst-üstə düşməsidir. Eyni zamanda, islahatçılar nə zaman hakimiyyətdə olublarsa, İranda həmin dönəm iqtisadi cəhətdən yaxşı vəziyyətdə olub. İstər Xatəmi, istər Ruhani dövründə bunun şahidi olanlar, həmçinin bu qanadın Qərblə anlaşmaya daha meyilli olması səbəbindən onlara etimad göstərə bilərlər.

Lakin İranda prezidentləri təkcə xalq deyil, həm də ölkənin dini rəhbəri və SEPAH seçir. Bu seçim səsvermənin nəticələrindən asılı olmayaraq, onların iradəsinə tabedir. Hazırda istər dini rəhbər, istərsə də ona bağlı SEPAH xaricdə baş verən hadisələrin nə ilə sonuclanacağına xüsusi diqqət yetirirlər. Çünki xaricdə İrana qarşı atılacaq addımları tam müəyyən etmək hələ mümkün deyil. Düzdür, bəzi əlamətlər var ki, sözügedən tərəflərin seçim etməsinə təsir göstərə bilər. Məsələn, ABŞ qısa müddətdə İranla bağlı üç ciddi sanksiya paketini açıqlayıb. Yaxın günlərdə isə daha iki sanksiyanın tətbiq ediləcəyi gözlənilir. Bu sanksiyalar İranın xarici ticarət dövriyyəsinə, habelə silah sənayesinə ciddi problemlər yaradır. Elə Tehranın əsas narahatlığı da budur ki, həmin problemlərin öhdəsindən gəlməsi artıq mümkünsüzə çevrilib. Yəni, 45 ildir mümkün qədər sanksiyaların qarşısını alan İran, artıq yeni dönəm üçün bunun qarşısında dura bilmədiyinin fərqindədir.


Digər bir məsələ isə ABŞ və İsrail arasında iyulda keçiriləcək İranın nüvə proqramı ilə bağlı müzakirələridir. Bu ay üçün nəzərdə tutulan görüşün təxirə salınmasına səbəb İsrailin Gəzza və Rəfahda həyata keçirdiyi hərbi əmliyyatlardır. Lakin iyulda Vaşinqtonda keçiriləcək görüşdən çıxacaq nəticə də İranın xeyrinə olmayacaq. Hətta bəzi ekspertlər İrana qarşı bəzi sərt addımlarını atılacağını istisna etmirlər.
Amma molla rejimi üçün açıq qalan tək məsələ ABŞ-da kimin seçiləcəyidir. Bu ilin noyabrında Ağ Evə kimin rəhbərlik edəcəyi məlum olacaq. Seçkilərə 5 aydan az vaxt qalmasına rəğmən, Baydenin aqibətinin necə olacağı, respublikaçıların Trampla və ya başqası ilə seçkiyə gedəcəyi məlum deyil. İranı narahat edən məsələ Tramp və ya onun yaxınlarından birinin seçiləcəyidir. Bu baş verərəsə, sanksiyaların yumuşaldılması üçün heç bir addım atılmayacaq. Üstəlik, daha ağır şərtlərin diqtə etməsinə səbəb olacaq. Bu isə Tehranın ən arzulamadığı məsələdir.
İndiki məqamda ABŞ-da demokratların respublikaçılara qalib gələ biləcəyini demək çətindir. Xüsusən ABŞ-da iqtisadi nəticələr əhalini narahat edir. Xarici siyasətdə də durum elə də parlaq görünmür. Amma bütün bunlar respublikaçıların da qalib olmasını şərtləndirən faktor deyil. Çünki ABŞ-da seçkilərin taleyi bir anda dəyişə bilər. Yəni, yekun nəticə üçün gözləmək lazım gələcək.
Faktiki gedişatda isə İran böyük ehtimalla iki varianta üstünlük verəcək. Birinci variant budur ki, seçkilər ikinci tura qalacaq. Bu turda Pezeşkiyanla Qalibaf-Cəlili cütlüyündən biri yarışacaq. Bu versiya artıq İranın dövlət qəzetlərində də müzakirə mövzusudur. Onlar yazırlar ki, guya, tərəflərin səstoplama imkanları xeyli aşağıdır və bu ikinci tur üçün hazırlıqlar görməyə kifayət edir. Çünki son rəy sorğularına əsasən ən yaxşı halda namizədlərdən biri 30 faizdən artıq səs toplaya bilməyəcək.
İkinci verisiya isə budur ki, Qərbin təzyiqlərini önləmək üçün onlarla dil tapa biləcək namizədi seçsinlər. Bu sırada Pezeşkiyan ən optimal namizədlərdən biri hesab olunur. Düzdür, bəziləri Səid Cəlilini də əsas namizəd hesab edir. Buna əsas olaraq, onun vaxtıyla nüvə müzakirələrində iştirak etməsini göstərirlər. Lakin Qərb ultra sağın nümayəndəsi ilə hər hansı danışıqlar aparmayacaq modundadır. Bunu zaman içində keçirilən görüşlər də təsdiqləyib.
Amma burada da molla rejiminin iki hədəfi var. Birinci hədəf budur ki, Pezeşkiyanı önə verib, 2016-cı ildəki kimi Qərblə ümumi razılaşma əldə edilməsinə nail olunacaq, sanksiyalar qismən yumuşaldılacaq. Bu indiki məqamda Tehrana çox lazımdır. Alınarsa uğurları öz ayaqlarına yazacaqlar.
İkinci hədəf isə istər xarici siyasətdə, istərsə də bunun fonunda daxili iqtisadi zəifləmələr fonunda islahatçıların gözdənsalınması prosesi start götürəcək. Yəni, bütün uğursuzluqlar islahatçıların ayağına yazılacaq. Bununla da molla rejimi “gördünüz, dəstəklədiyiniz, inandığınız islahatçılar ölkəni pis günə saldılar” təbliğatına başlayacaqlar. Bu, rejimə ona görə lazımdır ki, sağ təmayülün nüfuzunu artıra bilsin.
Beləliklə, İranda “son döyüş” başlayır. Kimin seçiləcəyi sabah məlum olacaq. Mübarizə isə Pezeşkiyanla Qalibah-Cəlili cütlüyü arasında olacaq.
P.S. Azərbaycan mediasında Məsud Pezeşkiyanın “millətçi”, “Azərbaycan fədaisi” kimi təqdim olunması yanlışdır. O, əslən azərbaycanlı olsa da, liberaldır və millətçi kəsimlə heç bir əlaqəsi yoxdur. Üstəlik, onun anası kürddür. Özü də açıq şəkildə bəyan edib ki, onun üçün fars, türk və ya kürdün arasında heç bir fərq yoxdur. Bu gün seçki ilə əlaqədar olaraq apardığı təbliğat isə sırf Güney Azərbaycan və Kürdistan əhalisinin səslərini qazanmaq məqsədi daşıyır. Çünki İranda bu iki kontingent seçkilərin müqəddəratını müəyyən etmək gücündədir.

Fikrət Fəraməzoğlu,
Jurnalist Araşdırma Mərkəzinin rəhbəri.
Xüsusi olaraq Tribunainfo.az üçün.