12 günlük müharibədən sonra İranda müəmmalı vəziyyət davam edir.
Tribunainfo.az xəbər verir ki, söhbət naməlum silahlı dəstələrin yerli polis və SEPAH qüvvvələrinə hücumlarından gedir.
Belə ki, iki gün əvvəl Qəzvin şəhəri yaxınlığında, daha sonra isə Çabahar və Nikşəhr şəhərlərində bu tip hücumlarda 2 SEPAH hərbçisi öldürülüb. Dünən isə Çabahar şəhərində növbəti toqquşma baş verib. Rəsmi qaynaqlar bildirib ki, əməliyyat nəticəsində bir nəfər öldürülüb, biri isə ağır yaralı halda ələ keçirilib.
Lakin bu əməliyyatda 4 polis yaralanıb ki, onlardan üçü xəstəxanada dünyasını dəyişib.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi barədə məlumat verilmir. Sosial şəbəkələrin İran seqmentində gedən müzakirələrdə əsas vurğu iki məsələnin üzərinə qoyulur. Birinci versiya MOSSAD agentlərinin İranın daxilində silahlı dəstələr yaratdığı və hücumlar təşkil etməsidir. Bu versiya müharibə fonunda baş verənlərə əsaslanır. İkinci versiya isə İrandakı molla rejiminin qatı əleyhidarları olan, onun silah gücünə devrilməsini qarşısına məqsəd qoymuş Xalq Mücahidlər Ordusunun bunu təşkil etməsini əhatə edir.
Fərda Uğur