Yaşadıqları evdə həyat yoldaşı ilə birgə işgəncələr verilərək öldürülən İranın məşhur rejissoru Dariyuş Mehrcuinin ölümü ilə əlaqədar artıq 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Qızları tərəfindən aşkarlanan rejissor və onun həyat yoldaşının cəsədlərində ağır kəsiklər və döyülmə izləri olub. Cütlüyün ölümü boğulma nəticəsində olub.
Tribunainfo.az xəbər verir ki, fərqli dünyagörüşünə malik olan, yenilikçi və olduqca modern rejissorun qətlə yetirilməsi İranda bir çoxları tərəfindən çox da təəccüblə qarşılanmayıb. Çünki onu belə aqibətin gözlədiyi ehtimalı həmişə olub.
Öldürülən Dariyuş Mehrcui 8 dekabr 1939-cu ildə Tehran şəhərində düynana gəlib. O, İran kinosunun intellektual rejissorlarından sayılır. Onun filmlərinin əksəriyyəti İran və ya digər ölkələrin ədəbi əsərlərindən götürülüb.
Müasir İran kinosu Mehrcui ilə başlayır. Mehrcui İran kinosunu realizm, simvolizm və bədii kinoya xas həssaslıqla tanış edib. Onun filmləri Roberto Rossellini, Vittorio de Sica və Satyajit Reyin filmlərinə bənzəyir. O, kinosuna İran elementlərini əlavə etməklə, ən böyük müasir kino hərəkatlarından biri olan İranın Yeni Dalğasının yaranmasına təkan verib. O, İran İncəsənət Akademiyasının akademiki olub. Kaliforniya Universitetinin teatr fakültəsində təhsil alıb, müəllimi məşhur fransız kinorejissoru Jan Renuar olub. O, həm də fəlsəfə diplomu alıb.
Tehran Universitetində jurnalist, xarici dillər və kino müəllimi işləyib.
O, Berlin Film Festivalında “Poçttal” filminə görə Beynəlxalq Yevangelist Münsiflər Heyəti Mükafatını və “İnək” filminə görə Beynəlxalq Katolik Film Mükafatını qazanıb.
Dariyuş Mehrcui son zamanlar İran rejimi barədə tənqidi fikirlər səsləndirirdi. Onun ölümünü də məhz bununla əlaqələndirilər.
1970-ci illərin əvvəllərində İranın Yeni Dalğa hərəkatının qurucu üzvü kimi adı xatırlanan rejissorunun bu hərəkatına Məsud Kimiai və Nasser Taqvai kimi rejissorlar da qoşulub. Onun ikinci filmi olan “İnək” bu cərəyanın ilk filmi hesab olunur
“İnək” filmi modern İran kinosunun başlanğıcı olaraq qəbul edilir. Dariuş Mehrcuinin 1969-cu ildə çəkdiyi film üç il sonra Berlin Film Festivalında mükafata layiq görülüb. Film çox sevdiyi inəyini itirdikdən sonra özünü yavaş-yavaş inəyi yerinə qoyan adamdan bəhs edir.
Bundan başqa, rejossorun məşhur “Sara”, “Leyla”, “Shirak”, “Hamoun”, “Almaas” filmləri də var.