İranla Birləşmiş Ərəb Əmirlikləri arasında Fars körfəzindəki üç ada ilə bağlı problem yaşanır. Tribunainfo.az xəbər verir ki, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları iki ölkə arasında mübahisəli əraziyə çevrilib.
BƏƏ uzun zamandır bəyan edir ki, həmin adalar ona məxsusdur. Lakin İran heç bir şəkildə bu iddia ilə razılaşmır. Əksinə, Dubay əmirliyinə xəbərdarlıq edib ki, İrana qarşı ərazi iddiası ilə çıxış etməsin.
Son günlər prosesə Avropa Birliyi də qoşulub. Belə ki, bu ittifaqa daxil olan iri dövlətlər sözügedən adaların BƏƏ-yə qaytarılması tələbi ilə çıxış ediblər. Bir ara Rusiya da analoji fikirlə çıxış etmişdi və bu, Tehranla Moskva arasında siyasi qalmaqala səbəb olmuşdu.
Hadisələrin indiki inkişafı iki ölkə arasında münasibətlərin gərgin olaraq qalacağını deməyə əsas verir. İran şübhəsiz ki, öz ərazisində heç kimə güzəşt etmək fikrində deyil. Lakin BƏƏ həmin adalara sahiblənib, orada yeni Dubay salmaq fikrindədir.
Qeyd edək ki, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarında demək olar ki, heç kim yaşamır.