Avropa Birliyi Parlamentinin 150-dən çox deputatı bəyanat yayaraq, İranda keçirilən prezident seçkilərinin qeyri-demokratik, ədalətsiz və saxta olduğunu bildirib.
Avropa Birliyi Parlamentinin 150-dən çox deputatı bəyanat yayaraq, İranda keçirilən prezident seçkilərinin qeyri-demokratik, ədalətsiz və saxta olduğunu bildirib.
TİA.AZ xəbər verir ki, Avropa Parlamentinin yaydığı bəyanatda İranın indiki ağır siyasi durumuna toxunularaq, İranda müxalifətin sərbəst fəaliyyətinə qadağa qoyulduğu, müstəqil qüvvələrin bu seçkilərə qatılmasının qarşısı alındığı qeyd edilir.
“İrandakı seçkilər azad və ədalətli deyil. Bu seçkilər qeyri-demokratik və saxtadır. Çünki ölkədə müxalifətin fəaliyyətinə tamamilə qadağa qoyulub. Prezidentliyə namizədlər isə əvvəlcədən “Vəliyyi-fəqihə”, yəni ölkənin dini liderinə ürəkdən inandıqlarını elan etməlidirlər. Həmçinin bir çox namizədin ölkə prezidentliyinə namizədliyini rədd edən Konstitusiyaya Nəzarət Şurasının üzvləri də birbaşa İranın dini lideri Əli Xamnei tərəfindən təyin edilən şəxslərdir”, – bəyanatda bildirilib.
Bəyanatda həmçinin İranın idiki prezidenti Həsən Ruhaninin insan hüquqları ilə bağlı siyasəti tənqid edilib, onun prezidentliyi dövründə ölkədə edamların sayının kəskin artması pislənilib:
“Yalnız Həsən Ruhaninin prezidentliyi dövründəki son dörd ildə İranda 3 min nəfərdən çox insan edam edilib. Baxmayaraq ki, Ruhaninin mötədil bir siyasətçi olduğunu deyirlər. Lakin o, dövlət televiziyasındakı çıxışlarının birində edam cəzasını dəstəkləyərək onu “Allahın qanunu” adlanırıb.
Bundan başqa, 1988-ci ildə İranda siyasi məhbusların kütləvi edamı və qətliamı olub. Edamlar o vaxt yaradılmış “Ölüm heyəti” tərəfindən həyata keçirilib. Maraqlıdır ki, siyasi məhbusların ölümünə hökm verən həmin “Ölüm heyəti”nin başçısı hazırda prezidentliyə namizəd İbrahim Rəisi, onun digər bir üzvü isə İranın indiki Ədliyyə naziri Mustafa Purməhəmmədi olub”.
Bu gün (mayın 19-da) İranda 12-ci prezident seçkiləri keçirilir. Seçkilərdə dörd namizəd – Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba rəqabət aparır. Əsas rəqabət isə islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xameneinin yaxın adamı kimi tanınan İbrahim Rəisi arasında gedir.