“İran rejiminin sonu Sovet quruluşu kimi olacaq” – Zərdüşt Əlizadəbackend

“İran rejiminin sonu Sovet quruluşu kimi olacaq” – Zərdüşt Əlizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranda əxlaq polisinin hicab qaydalarını pozmaq iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.
Sosial şəbəkələrdə Tehran, Təbriz, İsfahan, Şiraz, Kərəc, Şəhriyar və Rəşt daxil olmaqla, bir çox şəhərlərdən etiraz aksiyalarının görüntüləri yayılıb. Bəzi beynəlxalq təşkilatlar aksiyalarda 83 nəfərin həyatını itirdiyini deyir. Aksiyalarda əsasən, qadınlar iştirak edir. Onlar etiraz olaraq, yaylıqlarını çıxarır və saçlarını kəsirlər. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib.
İranda başlayan iğtişaşlar nəticəsində ölkədəki mövcud rejim dəyişə bilərmi? Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, istənilən rejim əvvəl-axır dəyişməyə məhkumdir.
Politoloq qeyd edib ki, tarixə nəzər salsaq, görərik ki, istənilən rejim 300-400 il sonra dəyişir:
“İran İslam Cümhuriyyəti rejimi də əbədi deyil, dəyişəcək. Dünya açıq məkandır. Hansısa hadisə baş verəndə o tamamilə təcrid olunmuş məkanda baş vermir. Ona görə də bütün ölkələr dünyanın ümumi vəziyyətinə qoşulurlar. İstənilən siyasi hadisədə xaricdən də, daxildən də təhdidlər müəyyən rol oynayır. İslami rejimin ən böyük qüsurlarından biri odur ki, onlar dini dövlətin zor gücünə camaata sırıyırlar. Bu, dinə görə böyük günahdır. Qadınların zorla baş örtüyü daşımasına qoyulan tələb İslamın özünə və müəyyən müddəalarına ziddir. Bəli, İranda vaxtaşırı əhalinin narazılığını ifadə edən kütləvi çıxışlar olub. Bu çıxışları da hökumət yatırıb. Düşünürəm ki, bu dəfə də İran dövləti etiraz dalğasını yatıracaq. Amma İran İslam Cümhuriyyətinin siyasi rejiminin müşkülləri artan siyasi xətlə davam edir. Onlar bundan nəticə çıxarıb, hansısa bir islahatlara getməsələr, son nəticədə rejimin axırı Sovet quruluşu kimi olacaq”.
Z.Əlizadə hesab edir ki, İran İslam Cümhuriyyətinin siyasi quruluş kimi sonu İran xalqının iradəsindən asılıdır:
“Dünyanın bütün insan hüquqlarını müdafiə təşkilatları qətiyyətlə bu hadisələri, İran hakimiyyətinin zorakılığını pisləyir və etirazını bildirir. Demək olar ki, dünya səviyyəsində lazımı media orqanları və təşkilatlarda bu məsələ qabardılıb. Etiraz aksiyalarında kişilərlə bərabər qadınlar da iştirak edir. Təbii ki, hər hansı bir qadının öldürülməsi kişinin öldürülməsindən daha çox qəzəb yaradır. Ona görə də İranda iğtişaşlar səngimir. 1978-1979-cu illərdə gedən siyasi inqilabın nəticəsində İranda İslam Cümhuriyyəti quruldu. İran xalqı da bunu istəyirdi. Eyni zamanda İran İslam Cümhuriyyətinin siyasi quruluş kimi sonu da yenə İran xalqının iradəsindən asılıdır. İstəsələr, onu dəyişə bilərlər. Hələlik görünür ki, İran xalqının yekdil qətiyyəti, qənaəti, qərarı, əzmi bu quruluşun dəyişilməsi üçün kifayət deyil”.