İran saytlarının Azərbaycanla bağlı ritorikası dəyişib. Artıq Azərbaycanla qardaşlıq əlaqələrindən yazır, “bizim aramıza kimsə girə bilməz”, “bədxahlar arzularına çata bilmədi” ifadələrinə yer verirlər. Hələ İlham Əliyevin “Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyəcək” sözü manşetləri bəzəyib. “Keyhan” qəzeti bu açıqlamanı “Azərbaycanın bədxahlara cavabı” kimi təqdim edib.
Tribunainfo.az yazır ki, bu barədə jurnalist Fikrət Fərəməzoğlu yazıb. O bildirib ki, SEPAH-a bağlı saytlar isə bir qədər yumşalsalar da, ritorikanı tam dəyişməyiblər.
“Bakı və Tehran arasında təxmini razılaşmalar ola bilər.
Səfirliyə hücum edən şəxs ən ağır formada cəzalandırılacaq. İran tərəfi üzür istəyəcək. Tehran açıqlamaları ilə bunu təsdiqləyir.
Zəngilan-Culfa avtomobil yolu 1 ilin içində hazır olacaq. Tikinti xərclərini İran çəkəcək. Dəmiryolunun tikintisi isə ən azı 3 il vaxt ala bilər. Bu yol açılarsa, Bakıdan Naxçıvana yol 100 km-ə qədər qısalacaq.
İran Zəngəzur dəhlizi məsələsində mövqeyində müəyyən korrektə edəcək. Belə ki, dəhlizlə daşınacaq qədər yük Zəngilan-Culfa yolu ilə də daşınarsa, Tehran maneçilik etməyəcək.
Şimal-Cənub dəhlizində Azərbaycanın tranzit payı artırılacaq. Astara-Astara dəmir və avtomobil yolu qısa müddətdə hazır ediləcək. Paralel olaraq, Ənzəli-Ələt gəmi daşımaçılığı da reallaşdırılacaq.
İran şirkətlərinin Qarabağda tikinti prosesində iştirakına baxılacaq. Eyni zamanda, İran şirkətlərinin Qarabağa investisiya qoyuluşu müzakirə ediləcək.
İran mediasında Azərbaycan əleyhinə təbliğat dayandırılacaq. Eyni addımın Azərbaycan tərəfindən də ediləcəyi istisna deyil”.
F.Fərəməzoğlu bildirib ki, hər iki ölkənin səfirliklərinin fəaliyyəti əvvəlki səviyyəyyə gətiriləcək:
“Böyük ehtimalla “Cəsus” adı ilə həbs olunmuş şəxslərin bir qismi azad ediləcək, digər qisminə isə yüngül cəza veriləcək. Yalnız cəsusluq etdiyi sübut edilən şəxslər buraya aid edilməyəcək. Bunu hər iki ölkə edəcək”.