İran mediası dünəndən etibarən Zəngəzur dəhlizi məsələsi barədə sistemli şəkildə antitəbliğata başlayıb. Tribunainfo.az xəbər verir ki, təkcə dünən iki nəşrdə Zəngəzur dəhlizi mövzusunda iki analitik yazı dərc olunub.
“Pelikan.Media” saytında “Cənubi Qafqazda gərginlik yaradan hərəkətlər.
Coğrafi sərhədlərə qarşı təhlükə; Nə üçün Zəngzor dəhlizinin açılması İran üçün qırmızı xəttdir?” başlıqlı yazıda deyilir ki, bu, İran və Ermənistanın sərhədlərini həmişəlik kəsəcək. “Ona görə də, geniş mənada Zəngəzur İranın Şərqi Azərbaycan vilayətini Türkiyənin Bakıya tranzit marşrutundan kənarlaşdıran geosiyasi dəhlizdir”.
Sayt yazır ki, İran baş verənlərdən ciddi şəkildə narahat olub: “Bakının İranla sərhəddə Zəngəzur dəhlizinin yaradılmasında israrlı olması və İsraillə əməkdaşlığı Tehranı o qədər narahat edib ki, Azərbaycan sərhəd dəyişikliyi etmək və İranın qırmızı xətlərindən kənara çıxmaq niyyətində olsa, ciddi reaksiya verəcək. Və İran güclü şəkildə qarşı-qarşıya gələcək”.
Nəşr qeyd edir ki, İranın Qafqazdakı siyasəti Ermənistan və Azərbaycanın tərəfini tutmaqdan ibarət deyil. “İranın siyasəti öz maraqlarına və milli təhlükəsizliyinə söykənir və Bakının Ermənistanın cənubunu işğal etmək və ya Zəngəzur dəhlizinin tikintisi ilə bağlı hərəkətləri də məhz bu kontekstdədir. İranın milli maraqları ilə ziddiyyət təşkil edir”.
Yazıda daha sonra qeyd edilir: “Lakin İran Zəngəzurun tikintisi ilə Avropaya alternativ yolunu itirəcək, Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşəcək və bu iki ölkə qarşısında tranzit əhəmiyyətini itirəcəyinə inanır”.
“Pelikan.media” sonda onu da vurğulayır ki, Çini Avropaya birləşdirməsi gözlənilən Şərq-Qərb dəhlizinin Zəngəzur bölgəsindən keçməsi də İranın təkcə regionda deyil, qlobal miqyasda geostrateji üstünlüklərinə meydan oxuyacaq. “İran 1990-cı illərdən bu yana həmişə Şərqlə Qərb arasında əlaqə yollarının mərkəzində olmağa çalışsa da, müxtəlif səbəblərdən bunu həmişə əhəmiyyətli hala gətirə bilməyib. 1990-cı illərdən İran şərqdə Pakistan, Hindistan və Çindən təbii qaz kəməri çəkməyə çalışır”.
İkinci yazı isə “Kahabarfori” saytında dərc olunub. Həmin yazıda da eyni məzmundan bəhs olunur. İranın geosiyasi maraqlarının sual altında düşdüyü iddia edilir.