Ötən günlərdə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlaması İran mediasının diqqət mərkəzində olub. Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran məsələyə münasibət bildirməyib.
Lakin təsir dairəsində olan media vasitəsi ilə bundan məmnun olmadığını nümayiş etdirir.
İqtisadi sahədə peşəkar qəzetlərdən olan “Tejaretnews” nəşri məsələyə bir qədər fərqli aspektdən yanaşıb. Qəzet yazıb ki, Azərbaycanın son davranışları, habelə dünyada baş verən qlobal proseslər Bakını diqqət mərkəzinə çəkməyə başlayıb. “Onlardan biri Zəngəzur dəhlizidir ki, o Şərqlə Qərbi birləşdirən geosiyasi qapı və oxdur. Strateji və iqtisadi baxımdan bu dəhlizin inkişafı təkcə Azərbaycan və Türkiyə üçün deyil, Çin və Avropa İttifaqı kimi aktyorlar üçün də cəlbedicidir”.
Digər iqtisadyönümlü nəşr olan “Donyaye Eqtesad” isə hesab edir ki, ABŞ-ın təklifi bölgə üçün yaxşı “perspektiv” vəd etmir. “Trampın Zəngəzur dəhlizi planı ABŞ-ın İranın şimal sərhədlərinə ayaq açması deməkdir. Tehranın buna təmkinli yanaşacağı gözlənilmir”.
SEPAH-ın nəzarətində olan “Tasnim” Agentliyi isə 100 illik icarə təklifi bölgədə mübahisələri gərginləşdirəcək. Məqalədə deyilir ki, İran və Rusiya ABŞ-ın bu şəkildə bölgəyə gəlişi ilə barışmayacaq.
Fərda Uğur