İranda yayınlanan “Khabarfori” saytı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının əleyhinə yazı dərc edib.
Tribunainfo.az xəbər verir ki, sayt bunu İran üçün “təhlükə” hesab edir.
Nəşr yazır ki, Azərbaycanı Naxçıvanla birləşdirən yeni avtomobil və dəmir yolu şəbəkəsinin tikintisi ilə bağlı İrəvan və Bakı arasında imzalanmış saziş Cənubi Qafqaz regionunda Tehran üçün problemlər yaradır. “ABŞ və Avropa Birliyinin dəstəyi ilə irəli sürülən layihə nəinki Rusiyanı kənara qoyur, həm də İranı marginallaşdırır”.
Məqalədə deyilir ki, 2020-ci il müharibəsi və Azərbaycanın regionun geosiyasi xəritəsini yenidən müəyyən edən hərbi qələbəsindən sonra saziş güc təhdidindən çox diplomatiyaya qayıdışdan xəbər verir. “Bu, Bakı ilə çətin və tez-tez dalana dirənən danışıqlardan sonra təhlükəsizlik və sabitliyə can atan Ermənistan üçün mühüm nailiyyətdir. Bu, həm də Bakının Mərkəzi Asiyaya və onun hüdudlarından kənara regional qapıya çevrilmək kimi strateji baxışını həyata keçirmək üçün bir addımdır”.
“Khabarfori” iddia edir ki, İranın nöqteyi-nəzərindən, saziş sadə diplomatik dəyişiklikdən kənara çıxan bir sıra problemlər yaradır. “Layihə təkcə coğrafi baxımdan İrandan yan keçmir, həm də Tehranın regional mövqeyinə dərin təsir göstərir. Bu dəyişiklik İranın Cənubi Qafqazda regional güc olmaq potensialını azaldır. Ermənistanın cənubundan keçən yeni marşrut İranı regionda tranzit tənliyindən faktiki olaraq kənarlaşdırır”.
Bunun ardından məqalədə iddia olunur ki, Ermənistan-Azərbaycan razılaşması İranın geosiyasi mühasirəsini daha da gücləndirir. “Yaxın Şərqdə müqavimətin azalmasından sonra ABŞ-ın Ermənistanın cənubunda planlaşdırılan iştirakı İranın şimal sərhədlərində zəifliyini artırır. Ermənistanın cənubunda ABŞ-ın nəzarətində olacaq daimi avtomobil və dəmir yolu infrastrukturunun yaradılması İranın təzyiqinə və ya təsirinə davamlı olan geri dönməz inkişafdır. Bu, İranın Cənubi Qafqazda güc və təsirini bərpa etmək imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq”.
İran nəşri yekunda vurğulayıb ki, hazırkı mövqeyindən xəbərdar olan İran indi Rusiyaya yüksək riskli mərcə əsaslanan yeni strategiya yürüdür. “Bu yanaşma itirilmiş nüfuzunu bərpa etmək üçün Rusiyanın dəstəyindən istifadə etməyə çalışır. Lakin 2025-ci ilin iyununda İsrail-ABŞ hücumları zamanı Moskvanın İrana dəstək verməməsi və diqqətini Ukraynadakı müharibə ilə yayındırması bu gözləntilərin hüdudlarını göstərir. Bununla belə, Rusiya ABŞ-ın dəstəklədiyi və İranı şirnikləndirən bu razılaşmanı pozmaqda yəqin ki, ən fəal və bəlkə də ən təsirli tərəf olacaq”.
Fərda Uğur