İran kimi seçəcək: türk Məsudu, yoxsa mühafizakar Qalibafı? – TƏHLİL

İran kimi seçəcək: türk Məsudu, yoxsa mühafizakar Qalibafı? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran növbədənkənar prezident seçkilərinə hazırlaşır. İyunun 28-də keçiriləcək seçkilərdə iştirak üçün 80 nəfər namizədliyini irəli sürsədə, dünən Keşikçilər Şurası bu sayı ən minimuma endirib. Belə ki, seçkilərdə 6 namizəd yarışacaq.
Qeyd edək ki, Mahmud Əhmədinejat, Möhsün Rezayi, Əli Laricani kimi nüfuzlu namizədlər belə seçkilərə buraxılmadılar. Və burada da təəccüblənəcək bir şey yox idi. Çünki indiki məqamda İrandakı rejim məcara axtarmır, gələcəyini müəyyən etmək üçün konkret addım atmağa çalışır.
Hazırda seçkilərdə iştirak edəcək 6 namizəd Mustafa Purməhəmmədi, Səid Cəlili, Məhəmməd Baqer Qalibaf, Əlirza Zəkani, Əmir Hüseyn Qazizadə Haşimi və Məsud Pezeşkiyandır. Bu namizədlərdən 3-ü Purməhəmmədi, Zəkani və Qazizadə elə də ciddi fiqurlar deyillər. Onlar sadəcə, seçkiyə rəng vermək üçün ortalıqdadırlar. Əsas rəqbət isə (daha çox seçim) Qalibaf, Cəlili və Pezeşkiyan arasında olacaq.
Qalibaf hazırda İran parlamentinin spikeridir. Uzun zamandır rejimin əsas dayaq adamlarından biri hesab olunur. Həm dini elita, həm də SEPAH-la çox yaxşı münasibətlərə malikdir. Mühafizəkar qanadın samballı nümayəndələrindən hesab olunur.
Səid Cəlili isə İran-İraq müharibəsində iştirak etmiş, uzun zaman hərbi elita ilə yaxşı münasibətə malik olmaqla bərabər, dini elitanın da az sayda seçkinlərindən biridir. O da Qalibaf kimi mühafizəkar qanadın nümayəndəsi hesab olunur. Sadəcə, ultra sağın təmsilçisidir.
Məsud Pezeşkiyan isə əslən Azərbaycanlıdır. Urmiyə şəhəri yaxınlığındakı qəsəbədə dünyaya gəlib. Atası türkdür, anası kürd qızıdır. Özü Təbrizdə yaşayır. Dini bilikləri yüksək olsa da, rejimlə ciddi fikir ayrılıqlarına malik olan biri kimi tanınır. İslahatçı qanadın son illər parlayan nümayəndələrindən hesab olunur.
İndi sual budur ki, İran camaatı bu üç namizəddən kimi seçəcək? Ümumi götürüldükdə, İranda xalq seçkilərə kütləvi şəkildə qatılmayacaq. Buna səbəb rejimlə əhali arasında uçurumun çox dərin olması və mütəmadi olaraq seçkiləri boykot eməsidir. Məsələn, bu ilin mart ayında keçirilən parlament seçkilərində seçiçi iştirakı cəmi 5-7 faiz təşkil etmişdi. Molla rejimi məcburiyyət qarşısında qalaraq, bu rəqəmi süni olaraq 35 faizə qaldırmalı oldu.
Amma bu 3 namizədin özünün bəlli bir elektoratı var. Cəlili zəif fiqur deyil, ultra sağıda mövqeyi və gücü olan namizəddir. Bu kontingent İranda müəyyənb elektoral gücə sahibdir. Hardasa bu rəqəmin 1-2 milyon civarında olduğu istisna deyil.
Qalibaf son illər meydana çıxmış fiqurdur, lakin onun mühafizəkar (nisbətən mülayim) qanadda seçiciləri var. Hərçənd SEPAH-ın da dəstəyinə arxalanaraq, müəyyən qüvvələri öz tərəfinə çəkə bilər. Bundan başqa, rejimə bağlı bəzi qüvvələrin də elektoratından yararlanmaq imkanı az deyil.
Məsud Pezeşkiyan isə son bir neçə ildə ölkə idarəçiliyi məsələsində vacib təkliflərlə çıxış edən, qismən İran xalqının rəğbətini qazanmış islahtçı qanadın mənsubudur. Onun seçkilərə qatılması və islahatçıların lideri Məhəmməd Xatəmi tərəfindən dəstəklənməsi bu kontingentin ona yardımçı olacağından xəbər verir. Bundan başqa, o, Azərbaycan əsillidir ki, bu da işə yarayan faktordur. Çünki hazırda molla rejimindən narazı olan Güney Azərbaycan öz həmyerlisinin seçilmə şansına biganə qalmaya da bilər. Yəni, Musəvi dönəmindəki kimi, seçkilərə qatılaraq, ona səs verə bilər.
Bütün bunlar siyasi proseslərin normal olduğu ölkələr üçün keçərli amillərdir. Lakin İranda normal seçkilərin keçirilməsi indiyə qədər müşahidə olunmayıb. Həmişə seçki tamaşası qurulub, yekunda isə son sözü dini rəhbərlə SEPAH deyib. Bu dəfə də fərqli bir şey olmayacaq. Yəni, namizədlər nə elektoratı, nə də öz güclənə arxayın deyillər. Yaxşı bilirlər ki, seçilib seçilməyəcəkləri iki dodağın arasında olan bir məsələdir.
İranın dini rəhbəri və onun ətrafı əslində maraqlı oyun qurublar. Qalibaf və Cəlili mühafizəkar qanadın təmsilçisi olduqlarından sərt xəttin tərəfdarıdırlar. Bu şəxslərin prezident olub, olmaması təkcə daxili deyil, elə xarici amillərlə də bağlıdır. Durumu isə belə iazh edək:
Bu gün İran ətrafında bəzi proseslər cərəyan edir. Tramp hakimiyyətindən sonra ABŞ-da demokratların hakimiyyətə gəlməsi sanksiyalar altında olan İranın nəinki Çinə, hətta Amerikanın özünə neft satması ilə müşahidə olunur. Eyni zamanda, bir sıra sanksiyaların işə yaramadığı, pozulması halında belə qarşısının alınmadığı da açıq-aşkardır. Lakin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində kimin seçilməsi məsələsi İranın prezident seçiminə ciddi təsir edəcək. Məsələn, Tramp və ya onun siyasi xətti ilə gedən namizəd hakimiyyətə gələrsə, bu, İranın əsas gəlir mənbəyi olan neft və qaz satışlarının mimimuma enməsinə səbəb olacaq. Ardında daha ağır sanksiyaların tətbiq olunması ölkənin daxili vəziyyətini, iqtisadi durumunu ciddi çətinliklərə salacaq. Nəticədə, daxildə indiyə qədər təkcə dini sahədə deyil, həm də sosial və iqtisadi zəmində etirazlar güclənməyə başlayacaq.
İkincisi, MAQATE bu günlərdə İrana qarşı sərt qətnamə qəbul edib, onu nüvə sənayesi məsələsində səmimi olmamaqda ittiham edib. Fransa, Almaniya və İngiltərənin dəstək verdiyi bu qətnamənin sonunda daha ağır sanksiyaların dayandığı isə gün kimi aydındır. Zatən, Tramp dövründə bu yöndə atılan addımlar İranı ciddi böhran vəziyyətinə salmışdı. Bu halın təkrarlanma ehtimalı isə həddindən artıq çoxdur.
Belə vəziyyətdə Cəlili və ya Qalibaf kimi mühafizəkarların Qərblə anlaşması mümkün deyil. Onların danışıqlar aparması üçün imkan belə tanınmaya bilər. Üstəlik, bu adamların nəzərədə tutduqları komandaları da Qərb tərəfindən birmənalı qarşılanmır.
Yox, ABŞ-da Bayden və ya onun siyasətinin davamçıları hakimiyyətə gələrsə, Cəlili və Qalibaf üçün seçilmək imkanı yaranacaq.
Bəs, Peşezkiyan? Rejimə qismən müxalif olan birinin önə çəkilməsi nəyə lazımdır? Burada iki vacib məqam var. Birincisi, islahatçılar son zamanlar İranda müəyyən rəğbət qazanıblar. Əhalinin müəyyən kəsimi hesab edir ki, islahatçılar hökumətə rəhbərlik edərsə, İranın vəziyyəti bir xeyli düzələr. Bu qənaətdə olmaları isə səbəbsiz deyil. Çünki islahatçılardan olan (solçular) Həsən Ruhani prezidentliyi dövründə XİN başçısı Məhəmməd Cavad Zərif sayəsində sanksiyalar məsələsində ciddi naliyyət əldə edərək, onların bir çoxunun aradan qaldırılmasını reallaşdırmışdı.
İkincisi, Qərbdə siyasi konyukturanın kimlərin əlinə keçəcəyidir. Yəni, ABŞ-da kimin rəhbər olması Pezeşkiyanın taleyinə aydınlıq gətirəcək. Tramp tərəfdarları seçilərsə, onlarla Pezeşkiyanın anlaşa bilmə ehtimalı çoxdur. Çünki Pezeşkiyan quracağı hökumətdə Zərifi başda tutacağını bildirib. Zərif isə bir dəfə bu sınaqdan üzüağ çıxıb.
Bayden və ya onun xəttini müdafiə edənlər qalarsa, Pezeşkiyanın şansları yarı-yarıya enəcək.
Amma İranın dini rəhbərliyinin daha iki planı var. Bu planlardan biri budur ki, Pezeşkiyan seçilərsə, uğursuzluğa düçar olarsa, yəni, Qərblə anlaşa bilməzsə, bu rejimə islahatçı qanadı baxarıqsızlıqda ittiham etməyə ciddi əsaslar verəcək. Üstəlik, indiyə qədər cəmiyyətdə islahatçılarla bağlı formalaşmış nüfuzun sıradan çıxmasına səbəb olacaq. Molla rejimi də bunun üzərindən “deyirdiniz islahatçılar, bu da sizin islahatçılar” qınamasını işə salacaq.
İknicisi isə ortada rəy yaradıb, “gərgin seçki” adı altında prosesi ikinci tura saxlamaqdır. İran qanunların əsasən seçkilər birinci turda baş tutmasa, 50 gün ərzində ikinci seçkilər keçirilməlidir. Bu da o deməkdir ki, İran rejimi prosesi avqustun ortaların kimi dartmağa cəhd edəcək. Məqsəd isə ABŞ-da əsas namizədin kim olmasını müəyyən etmək, şansları dəyərləndirmək və bunun fonunda yeni prezidenti müəyyənləşdirməkdir.
Bir sözlə, Pezeşkiyan ortaya atılmış qurbanlıqdır. Onun seçilməsi və ya seçilməməsi gedişatdan asılı olacaq. Seçilsə də, seçilməsə də ən böyük zərbəni almış olacaq. Bu təkcə onun şəxsən yox, həm də təmsil etdiyi islahatçı qanadı da çətin vəziyyətdə qoyacaq.

Fikrət Fəraməzoğlu,
Jurnalist Araşdırma Mərkəzinin rəhbəri.
Xüsusi olaraq Tribunainfo.az üçün