İran hökumətinin rəsmiləri iki gündür davamlı olaraq hədə ilə çıxış edirlər. Tribunainfo.az xəbər verir ki, iki gün öncə İranın XİN başçısı Abbas Əraqçı bildirmişdi ki, İsrailə İrana hücum zamanı hava yolu verən ölkələrə adekvat cavab verəcəklər.
Dünən isə İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf “Mehr” Agentliyində analoji açıqlama ilə çıxış edib. O deyib: “Tehran öz ərazilərindən İrana qarşı mümkün hücumlar üçün istifadə edilməsinə icazə verən ölkələrə cavab verəcək. Biz dəfələrlə bildirmişik ki, qonşu ölkələrin hava məkanı və ərazisi ölkəmizə hücum üçün istifadə edilməməlidir”.
Qeyd edək ki, rəsmi Tehranın isterikası başa düşüləndir. Çünki İsrail İrana cavab tədbirləri hazırladığını gizlətmir. Əksinə, Təl Əviv hökuməti bir neçə gündür bu istiqamətdə müzakirələr aparır. Lakin İranın bu təhdidlərinin kimə yönəldiyi bəlli deyil.
Ekspertlər birinci sırada İraqın dayandığını bildirirlər. Buna səbəb də İsrailin İranı vurması üçün ən yaxın yolun İraq üzərindən keçdiyini göstərirlər. Lakin rəsmi Bağdad dünən bəyan edib ki, əlindəki mümkün imkanlardan istifadə edərək, İsrailə mane olacaqlar.
İkinci sırada isə böyük ehtimalla Azərbaycan nəzərdə tutulur. Bu prosesin kökü yeni deyil. İran II Qarabağ zəfərindən sonra açıq şəkildə Bakını İsraillə əıməkdaşlıqda ittiham etməklə yanaşı, həm də İsdrailin ölkəmizdə guya, hərbi bazasının olması ilə təhdid edirdi. Bu ritorika müharibədən 4 il keçməsinə baxmayaraq, hələ də davam edir.
Ehtimal etmək olar ki, Əraqçı və Qalibaf “qonşularla münasibətlər” dedikdə təkcə İraqı deyil, həmçinin Azərbaycanı da nəzərdə tuturlar.