backend

İran İsrailin hansı niyyətini bloklamaq istəyir? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri İranın açıq narazılığına səbəb oldu və İslam Respublikasının bir sıra yüksək ranqlı məmur və deputatları bunu çəkinmədən dilə gətirdilər.  
İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri İranın açıq narazılığına səbəb oldu və İslam Respublikasının bir sıra yüksək ranqlı məmur və deputatları bunu çəkinmədən dilə gətirdilər. 

Halbuki, İsraillə Azərbaycanın əməkdaşlığının təməli hələ 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu günə qədər yüksələn xətlə inkişaf edərək, qarşılıqlı faydalı xarakter daşıyıb. İki ölkənin əməkdaşlığı artıq strateji xarakter almaqda, hərbi sənayedən tutmuş kənd təsərrüfatına qədər olan sahələri əhatə edir.

İsraillə əməkdaşlığın ölkəmizə gətiriyi faydalardan geniş yazmaq olar, ancaq vurğulanmalı olan əsas məqam ondan ibarətdir ki, bu iş birliyi heç bir halda üçüncü ölkəyə qarşı yönəlməyib və İran bunu çox gözəl anlayır. Ən azı ona görə ki, Azərbaycanın 25 illik müstəqillik tarixində yürüdülən xarici siyasi xəttin xarakterini dəqiq bilir. Bilir ki, İsraillə 20 illik əməkdaşlığı dövründə heç vaxt rəsmi Bakının hansısa müsəlman ölkəsinə qarşı münasibətində dəyişiklik müşahidə olunmayıb.

İranın İsrail-Azərbaycan əməkdaşlığına qarşı sərt mövqedən çıxış etməsi özünün regional maraqları ilə bağlıdır və Netanyahunun Bakı səfəri, bu günə qədər Yerevana getməmiş prezident Ruhani üçün “bəhanə” rolunu oynadı. Bakı İranın düşməni olan İsrailin baş nazirini qəbul etdiyi üçün, Ruhani artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana səfər edə bilərdi. Və etdi də.

Netanyahu əvvəlcə Azərbaycan, ardınca isə Qazaxıstana səfər etməklə əslində iki əsas məqsəd güdürdü. Birincisi, 2018-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına keçiriləcək seçkilərdə bu iki ölkənin dəstəyini almaq, ikincisi isə, Azərbaycan ilə Türkiyənin müştərək layihəsi olan TANAP-a qoşulmaqla özünün təbii qazının Avropa bazarına çıxarılmasına nail olmaq. Bunun əvəzində isə İsrail neftin qiymətinin düşməsi ilə gəlirləri azalmış Azərbaycan və Qazaxıstana müxtəlif sahələrdə əməkdaşlıq və investisiya təklif edir. Hər iki məsələdə İsrailin dəstək qazanması birbaşa İranın maraqlarına toxunur.

İsrailin Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələrinin dəstəyini qazanması və BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü onunla din düşmənçiliyi aparan digər müsəlman ölkələrinin ritorikasını dünya icmasının gözündə şübhə altına salır. Netanyahunun prezident İlham Əliyevlə görüşündən sonra mətbuat üçün verdiyi bəyanatda Azərbaycanın müsəlman ölkə olmasını xüsusi vurğulaması da təsadüfi deyildi və bütün müsəlman ölkələrinin əslində yəhudilərlə düşmən olmadığını dünya ictimaiyyətinə dolayı yolla çatdırmaq cəhdi idi. Hamıya məlumdur ki, Azərbaycan özünü dünyəvi dövlət elan edib, dünyəvi idarəetmə sisteminə malikdir və əhalinin əksər hissəsi şiə-müsəlman hesab edilsə də, dini ayinlər əhali arasında daha çox tarixi ənənə kimi qəbul olunur.

Qaz məsələsinə gəlincə, İsrail iqtisadiyyatı üçün enerji daşıyıcılarının eksportu heç bir əhəmiyyətli rola malik deyil. Lakin İsraildən fərqli olaraq, qazancının əsas hissəsi neft və qazın ixracından gələn İran üçün TANAP layihəsində rəqibin ortaya çıxması heç də arzuolunan hal deyil. İsrailin TANAP vasitəsilə qaz ixrac etmək məqsədlərinin arxasında iki məqsəd dayanır. Əgər İran da TANAP-a qoşularsa, məcbur olaraq İsraillə iqtisadi əməkdaşlığa daxil olacaq, qoşulmazsa, valyuta gəlirləri azalacaq.

Bu səbəbdən, İsrail Azərbaycanla TANAP layihəsində əməkdaşlığa başlayandan sonra İran özü üçün alternativ ixrac marşrutları axtarışına çıxıb. Ermənistan ərazisindən Gürcüstana, oradan isə Qara Dənizə İrandan qaz xəttinin çəkilməsi mümkün variantlardan biridir. Eyni zamanda İran-Ermənistan dəmir yolunun çəkilişi və s. layihələr bir tərəfdən İran üçün alternativ ixrac dəhlizi rolunu oynayacaq, digər tərəfdən Ermənistanı blokadadan çıxmasına şərait yaradacaq.

Güman ki, bu yolla İran Azərbaycan və Türkiyəni məcbur etməyə çalışır ki, İsrailin TANAP-a qoşulmasına imkan verməsinlər. Lakin bu məsələdə İranın qarşısına çıxan əsas maneə ondan ibarətdir ki, Ermənistanın dəmir yolu, enerji xətləri və daxili qaz kəmərləri bütövlükdə Rusiya şirkətlərinə məxsusdur və Sarkisyanla Ruhaninin razılığı Putinin xeyir-duası olmadan heç bir əhəmiyyət kəsb etmir. Məhz bu səbəbdən Ruhani Putini məsələyə maraqlı salmaq üçün hazırda iqtisadi cəhətdən rentabelsiz sayılan Avrasiya İqtisadi Birliyi ilə iqtisadi əməkdaşlıqdan söz salıb və bildirib ki, bu layihəyə birliyə üzv olan Qazaxıstan və Qırğızıstanın da qoşulması mümkündür. 

Qeyd edək ki, Yerevana səfərindən sonra Ruhani Qazaxıstan və Qırğlızıstana yollanacaq.

Tofiq Əsgərov